TQDK ARDNŞ-nin təqaüdünün verilməsi üzrə elan edilmiş müsabiqənin I mərhələsini keçirir

TQDK ARDNŞ-nin təqaüdünün verilməsi üzrə elan edilmiş müsabiqənin I mərhələsini keçirir

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası 2010-cu il oktyabrın 17-də Azərbaycan Respublikası ali təhsil müəssisələrinin tələbələrinə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) təqaüdünün verilməsi üzrə elan edilmiş müsabiqənin I mərhələsi olan test imtahanını keçirir.

SİA-nın məlumatına görə, imtahan Bakı Dövlət Universitetinin I tədris korpusunda (Z.Xəlilov küç., 23) saat 10:00-da başlanır.

Müsabiqədə iştirak etmək üçün qeydiyyatdan keçmiş tələbələrə buraxılış vərəqələri 14-15 oktyabr tarixlərində hər gün saat 10:00-dan 17:00-dək TQDK-nın binasında təqdim olunur. Buraxılış vərəqəsi almağa gələn tələbələr şəxsiyyət vəsiqəsi və ya tələbə biletini təqdim etməlidirlər.

ARDNŞ bu layihəni neft-qaz sənayesi sahəsində savadlı gənc mütəxəssislərin hazırlanması, tələbələrin müasir elmi və təcrübi biliklərə yiyələnməyə həvəsləndirilməsi məqsədilə 2004/2005-ci tədris ilindən etibarən həyata keçirir.

Hazırki müsabiqədə Azərbaycan Respublikası ali təhsil müəssisələrinin bakalavriat və magistratura səviyyələrinin "Neft və qaz yataqlarının axtarışı və kəşfiyyatının geofiziki üsulları", "Neft-qaz yataqlarının işlənməsi və istismarı", "Sənaye mühəndisliyi (neft və qaz sənayesi üzrə)" və digər ixtisasları üzrə təhsil alan tələbələr iştirak edirlər. Qeydiyyat 01-21 iyul və 13-19 sentyabr 2010-cu il tarixlərində ARDNŞ tərəfindən aparılıb.

Test imtahanında tələbələrə məntiqi təfəkkürü yoxlayan 40 test tapşırığı təqdim olunacaq. Bu suallara cavab üçün namizədlərə 1 saat vaxt veriləcək. 30 sualın hər biri üçün 5 cavab variantı verilir və onlardan yalnız birini (doğrusunu) seçmək tələb olunur. Digər 10 sualın cavabı açıqdır. Hər suala 1 bal verilir. Səhv cavabların nəticəsi düzgün cavabların nəticəsinə təsir etmir.

İmtahanın nəticəsinə əsasən yüksək bal toplamış namizədlər müsahibədə iştirak edəcəklər. Müsahibəni ARDNŞ-nin məsul əməkdaşlarından ibarət komissiya həyata keçirəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə