Bakı Slavyan Universitetində Çex Dili və Mədəniyyəti Mərkəzi fəaliyyətə başladı

Bakı Slavyan Universitetində Çex Dili və Mədəniyyəti Mərkəzi fəaliyyətə başladı

13 Oktyabrda Bakı Slavyan Universitetində (BSU) Çexiya Respublikasının ölkəmizdəki səfirliyinin dəstəyi ilə yaradılmış Çex Dili və Mədəniyyəti Mərkəzi fəaliyyətə başladı və ilk dərs keçirildi. SİA-nın məlumatına görə, bu münasibətlə təşkil olunmuş mərasimdə Çexiya Respublikasının Azərbaycandakı Fövqəladə və Səlahiyyətli səfiri Radek Matula, xanımı İveta Matulova, səfirliyin konsulu Çenek Xaynı və digər rəsmi qonaqlar iştirak edirdi.

Tədbiri giriş sözü ilə açan BSU-nun rektoru, AMEA-nın müxbir üzvü professor Kamal Abdullayev qonaqları salamlayaraq, BSU-da çex dilinin və mədəniyyətinin öyrənilməsi ilə bağlı görülən işlərdən danışdı. Rektor bu mərkəzin açılışını BSU-nu tarixində əlamətdar bir hadisə kimi dəyərləndirdi və universitetdə çexiyaşünaslığın inkişafına, ölkələr və xalqlar arasında qarşılıqlı əlaqələrin genişlənməsinə, humanitar əməkdaşlığın dərinləşməsinə müsbət təsir göstərəcəyini diqqətə çatdırdı: "Biz bu günü səbirsizliklə gözləyirdik. Ümidvarıq ki, Çex Dili və Mədəniyyəti Mərkəzi gələcəkdə öz uğurlu fəaliyyəti ilə bizləri sevindirəcək".

Çexiya Respublikasının Azərbaycandakı Fövqəladə və Səlahiyyətli səfiri Radek Matula da öz növbəsində mərkəzin fəaliyyətə başlaması münasibətilə hamını təbrik etdi. Səfir bildirdi ki, ölkələr arasında elmi-mədəni əlaqələrin inkişafı iqtisadi-siyasi əlaqələrin də inkişafına təkan verəcək: "Mən bu mərkəzin açılışını çox vacib hesab edirəm. Bu mərkəz vasitəsilə çexiyaşünaş tələbələr çex dili, ədəbiyyatı, tarixi və mədəniyyəti ilə daha yaxından tanış olacaqlar. Bu mərkəzin səmərəli fəaliyyəti üçün əlimdən gələn yardımı etməyə hazıram".

Mərkəzin təşkil olunmasına görə BSU-nun rektoruna dərin minnətdarlığını bildirən səfir Radek Matula bir daha mərasim iştirakçılarını mərkəzin fəaliyətə başlaması münasibətilə təbrik etdi.

Mərasim iştirakçıları müasir texniki avadanlıq və kitabxana fondu ilə təhciz edilmiş mərkəzlə yaxından tanış oldular və Səfir Radek Matula və BSU-nun rektoru K. Abdullayev mərkəzin Fəxri qonaqlar kitabına öz ürək sözlərini yazdılar.

Bütün xəbərlər Facebook səhifəmizdə