Səməd Seyidov Meksikanın yeni səfiri ilə görüşüb

Səməd Seyidov Meksikanın yeni səfiri ilə görüşüb

Oktyabrın 14-də millət vəkili, ADU-nun rektoru Səməd Seyidov Meksika Birləşmiş Ştatlarının ölkəmizə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Jaime Enrike Qarsiya Amaral ilə görüşüb. ADU-nun Mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, görüş zamanı beynəlxalq və regional məsələlər ətrafında fikir mübadiləsi aparılıb, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə toxunulub, qarşıdan gələn parlament seçkiləri, ölkələrarası və universitetlərarası əlaqələr və gələcək əməkdaşlıq imkanları müzakirə olunub.

Səməd Seyidov hər iki ölkənin yaxınlaşması baxımından daimi nümayəndəliklərin fəaliyyətinin zəruri olduğunu vurğulayıb. Komitə sədri bildirib ki, Milli Məclisin Azərbaycan-Meksika parlamentlərarası əlaqələr üzrə işçi qrupu da fəaliyyət göstərir ki, bu da öz növbəsində hər iki ölkənin qanunverici orqanları arasında münasibətlərin qurulmasına, eləcə də qarşılıqlı səfərlərin təşkilinə və digər məsələlərin həyata keçirilməsinə xidmət edir. Səməd Seyidov Latın Amerikası ölkələri ilə, Meksika ilə əlaqələrin zəruriliyini vurğulayıb O, deyib ki, Meksika Birləşmiş Ştatları siyasi və iqtisadi cəhətdən Azərbaycan üçün vacib ölkədir.

Səməd Seyidov rəhbərlik etdiyi təhsil ocağı haqqında səfirə ətraflı məlumat verib və bildirib ki, iqtisadi göstəricilərlə yanaşı, elm və təhsil sahəsi də vacibdir. Azərbaycan dövlətinin məhz elm və təhsil sahəsində bir sıra layihələri həyata keçirdiyini deyən Səməd Seyidov gənclərin marağını artırmaq, ölkəmizin savadlı, bacarıqlı gənclərlə təmin edilməsi baxımından Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin "Azərbaycan gənclərinin xarici ölkələrdə təhsil almasına dair Dövlət Proqramı haqqında" 2006-cı il 19 oktyabr tarixli 1746 saylı sərəncam imzaladığını diqqətə çatdırıb. Həmin sərəncama uyğun olaraq hazırlanmış "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı"nda istedadlı Azərbaycan gənclərinin xaricdə təhsilinin təşkili istiqamətində vahid sistemin yaradılmasının nəzərdə tutulduğunu bildirib.

Səməd Seyidov Dillər Universitetində mövcud olan müxtəlif mərkəzlər və bölmələr haqqında da danışıb, İspan dili kafedrasının fəaliyyətini önə çəkib.

Səfir Jaime Enrike Qarsiya Amaral Meksika universitetlərindən dil və digər sahələr üzrə mütəxəssislərin cəlb olunmasının mümkünlüyünü vurğulayıb və onların Dillər Universitetində tədris prosesinə qatılmasını məqbul sayıb.

Daha sonra səfir ADU-nun İnformasiya Resurs Kompleksi ilə tanış olub.

Bütün xəbərlər Facebook səhifəmizdə