BSU-da “Elmi əsərlər”in təqdimetmə mərasimi keçirilib

BSU-da “Elmi əsərlər”in təqdimetmə mərasimi keçirilib

Bakı Slavyan Universitetinin (BSU) beynəlxalq əlaqələri yüksələn xətlə inkişaf etməkdədir. BSU-nun mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, universitetin Avropa və MDB ölkələrinin ali təhsil müəssisələri ilə sıx əlaqələri mövcuddur ki, bunlardan biri də Belorus Respublikasının M.Tank adına Belorus Dövlət Pedaqoji Uniuversitetidir (BDPU).

Xatırladaq ki, hər iki universitet arasında 2004-cü ildə bağlanmış qarşılıqlı əməkdaşlıq müqaviləsinə əsasən BSU-da 2010-cu ildə "Belarus dili və mədəniyyəti" Mərkəzinin açılışı olub. M.Tank adına Belorus Dövlət Pedaqoji Universitetinin və Belorusun ölkəmizdəki səfirliyinin dəstəyi ilə yaradılmış, müasir avadanlıqlarla təhciz edilmiş bu mərkəzin açılışında Belorus Respublikasının Prezidenti Aleksandr Lukaşenko da iştirak edib.

Bu gün "Belarus dili və mədəniyyəti" Mərkəzi iki ölkə arasında dostluq əlaqələrinin möhkəmlənməsində öz töhvəsini verməkdədir. Belə ki, bağlanmış müqavilədə iki universitet arasında nəinki tədris-metodik sahədə, həmçinin elmi-tədqiqat işlərində də əməkdaşlıq nəzərdə tutulur.

12 oktyabrda BSU-da Belorus Respublikasının ölkəmizdəki səfirliyi və BSU-nun birgə təşkilatçılığı ilə "Belarus dili və mədəniyyəti" Mərkəzində BSU və BDPU elmi-pedaqoji kollektivinin birgə fəaliyyətinin nəticəsi olan "Dil-ədəbiyyat" və "İctimai-siyasi elmlər" seriyalarının cəmləşdiyi "Elmi əsərlər"in təqdimetmə mərasimi keçirilib.

Mərasimdə Belorusun Azərbaycandakı Fövqəladə və Səlahiyyətli səfiri N.Y.Patskeviç, Azərbaycan-Belorus Dostluq və Əməldaşlıq Cəmiyyətinin sədri Arif Mehdiyev, həmçinin AMEA-nın həqiqi üzvü, millət vəkili Ziya Səmədzadə, xalq artisti, tarzən Ramiz Quliyev, xalq artisti, görkəmli kino rejissor Oqtay Mirqasımov və digər tanınmış ziyalılar da iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan Belarusun ölkəmizdəki səfiri N.Y.Patskeviç qonaqları salamlayaraq səfirliyin dəvətini qəbul etdiklərinə görə onlara təşəkkür edib.

BSU-nun rektoru, AMEA-nın müxbir üzvü, professor Kamal Abdullayev də öz növbəsində qonaqları salamlayaraq ölkələrimizin dostluq əlaqələrinin möhkəmləndirilməsində bu sahədə görülən işlərin vacibliyini diqqətə çatdırıb.

Prezident yanında Ali Attesstasiya Komissiyasının və Azərbaycan–Belorus Dostluq və Əməldaşlıq Cəmiyyətinin sədri Arif Mehdiyev də çıxış edərək iki ali məktəbin yaradıcı kollektivini "Elmi əsərlər"in nəşri münasibəti ilə təbrik edib, belə əməkdaşlıq təcrübəsinin həm tədris-metodik, həm də elmi-nəzəri səpkili problemlərin birgə işlənməsi üçün möhkəm zəmin olacağını nəzərə çatdırıb və Cəmiyyətin işinə uğurlar arzulayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə