Malayziyanın Perlis vilayətinin şahzadəsi BANM-da

Malayziyanın Perlis vilayətinin şahzadəsi BANM-da

Malayziyanın Perlis vilayətinin şahzadəsi, UniMap Universitetinin rektoru Tuanku Sied Fayzuddin Putra rəhbərlik etdiyi nümayəndə heyəti və seçilmiş tələbə qrupu ilə birgə Bakı Ali Neft Məktəbinin (BANM) qonağı olub. BANM-dan SIA-ya verilən məlumata görə, Ali Məktəbin rektoru Elmar Qasımov qonaqları BANM-in yeni kampusunda qarşılayaraq salamlayıb, daha sonra tərəflər arasında rəsmi görüş keçirilib.

Görüş zamanı cənab Putra UniMap-in rəhbər nümayəndələrini təqdim edib və universitetin fəaliyyətindən bəhs edib. Dünyanın 34 ölkəsindən 1000 xarici tələbənin UniMap-də təhsil aldığını vurğulayan rektor BANM-ın də tələbələrini bu sırada görmək istədiyini bildirib.

Ali Məktəbin rektoru Elmar Qasımov qonaqlara BANM-in yaranma tarixi, fəaliyyəti və uğurlarından danışıb, tərəflər arasında “Tələbə mübadilə proqramı” və eyni zamanda UniMap-in “Mobility Program”ı əsasında əməkdaşlığın mümkünlüyünü qeyd edib.

Daha sonra rektorlar hər iki ali məktəbin tələbə və professor-müəllim heyətinin olduğu “Senat” otağında görüşü davam etdirərək, iki ölkə arasında təhsil sahəsində olacaq gələcək əməkdaşlıqdan danışaraq tələbələri motivasiya ediblər. BANM-ın tələbələri UniMap universiteti haqda film izləyərək onu daha yaxından tanıyıblar və öz suallarını həmin universitetin rektoru, şahzadə Putraya ünvanlayıblar.

Rektor Elmar Qasımov hər iki ali məktəbin tələbə və professor-müəllim heyətinin iştirakı ilə cənab Putraya Bakı Ali Neft Məktəbinin Fəxri qonağı plaketini təqdim edib.

BANM və UniMap-in tələbələri isə bir-birilə yaxından tanış olub və müzakirələr aparıblar.

Bütün xəbərlər Facebook səhifəmizdə