Norveçin Azərbaycandakı səfiri ADU-da olub

Norveçin Azərbaycandakı səfiri ADU-da olub

Oktyabrın 12-də Azərbaycan Dillər Universitetinin (ADU) rektoru, millət vəkili, professor Səməd Seyidov Norveç Krallığının Azərbaycana yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Erlinq Şönsberqi qəbul edib. Bu barədə SİA-ya ADU-nun İctimaiyyətlə əlaqələr və mətbuat xidməti şöbəsinin rəhbəri Zeynab Kazımova məlumat verib.

Səfiri salamlayan Səməd Seyidov ADU ilə Norveç universitetləri arasında əlaqələrin mövcudluğundan söz açıb. "Bizim əlaqələrimiz uğurla həyata keçirilir və bu, digər layihələr baxımından da başqa universitetlərlə əlaqələrimizə bir nümunədir" - deyə o, bildirib.

Səfir Erlinq Şönsberq bu layihənin inkişafından məmnun olduğunu dilə gətirib. O, tələbə mübadiləsinin mədəniyyətin inkişafına, həmçinin təhsil sahəsindəki əməkdaşlığa geniş rəvac verdiyini vurğulayıb. Oslo universiteti ilə ADU arasında ikitərəfli əlaqələrin genişlənməsindən məmnunluğunu dilə gətirərək bu layihənin davamını dəstəklədiyini söyləyib.

Səməd Seyidov deyib ki, layihənin genişlənməsi bizim üçün əhəmiyyətlidir. "Biz bu layihənin davamlılığını istəyirik." O, təkcə Norveç dili və mədəniyyətinin öyrənilməsini deyil, gələcəkdə bu layihələrin texniki və digər sahələrə yönəldilməsinə inamını ifadə edib.

Səməd Seyidov bu ildən ADU-da Qafqazşünaslıq ixtisasının açıldığını qonağın diqqətinə çatdırıb. ADU-da Amerika, İsrail, Koreya, Fransa, İtalyan, İndoneziya və digər mərkəzlərin mövcudluğunu deyib. O, bildirib ki, bunların içərisində Skandinaviya mərkəzinin xüsusi çəkisi var və Norveç dil və mədəniyyətinin öyrənilməsi vacibdir.

Səfir Erlinq Şönsberq öz növbəsində bildirib ki, dil hər bir xalqın mədəniyyətinin təcəssümüdür və onun öyrənilməsi vacibdir.

Sonra səfir ADU-dakı Skandinaviya mərkəzində olub və Norveç dili öyrənən tələbələrlə görüşüb.

Daha sonra o, ADU-nun İnformasiya Resurs Kompleksi ilə tanış olub.

Xatırladaq ki, bu il iyunun 26-dan avqustun 6-dək ADU-nun 9 nəfər müəllim və 10 nəfər tələbəsi Norveçin Oslo Universitetində Beynəlxalq Yay məktəbində iştirak ediblər. ADU-nun Skandinaviyaşünaslıq fakültəsində 37 nəfər tələbə təhsil alır. Adıçəkilən fakültədə 2 norveçli müəllim çalışır. ADU-da Skandinaviya mərkəzi Azərbaycan Dillər Universiteti ilə Aqder və Oslo Universitetləri arasındakı əməkdaşlıq nəticəsində 2007-ci il mayın 3-də açılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə