I və II ixtisas qrupları üzrə qəbul imtahanları üçün riyaziyyat fənnindən qəbul proqramının müzakirəsi aparılıb

I və II ixtisas qrupları üzrə qəbul imtahanları üçün riyaziyyat fənnindən qəbul proqramının müzakirəsi aparılıb
Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) riyaziyyat fənni üzrə elmi-metodiki seminar keçirilib. TQDK-nın mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, seminarda 2011-cu ildə ali məktəblərə I və II ixtisas qrupları üzrə keçiriləcək qəbul imtahanları üçün riyaziyyat fənnindən qəbul proqramının müzakirəsi olub.

Seminarın rəhbəri BDU-nun professoru M.Yaqubov bu tədris ilində orta məktəblərdə qüvvədə olan tədris proqramı və dərsliklərdə elə bir ciddi dəyişiklik olmadığını, yalnız müəyyən redaktə xarakterli düzəlişlər edildiyini bildirib. İclasda Bakı və Sumqayıt şəhərlərindən olan orta və ali məktəb müəllimləri, metodistlər və AMEA-nın əməkdaşları ilə bərabər, TQDK-nın Naxçıvan, Gəncə, Lənkəran, Şəki və Quba regional bölmələrində həmin bölgələri təmsil edən müvafiq fənn müəllimləri də eyni vaxtda bu iclasda iştirak edib və onlayn sistemində internet vasitəsilə videobağlantı əsasında qəbul proqramı haqqında fikirlər bildirib, təkliflərini veriblər.

Seminar iclasında Cəbr üzrə aşağıdakı bölmələrin müzakirəsi aparılaraq, qəbul proqramında müəyyən dəqiqləşmələr və redaktə xarakterli düzəlişlər edilib. Bu dəqiqləşmə və düzəlişlər aşağıdakılardır: -"Kompleks ədədlər" bölməsinə "Kompleks ədədin cəbri şəkli" mövzusu əlavə olunur; -"Tam cəbri ifadələr.Rasional kəsrlər". mövzusu "Tam cəbri ifadələr.Cəbri kəsrlər." mövzusu ilə əvəz olunur; -"İrrasional ifadələr. Həqiqi üstlü qüvvət" bölməsində "Kəsrin məxrəcinin irrasionallıqdan azad edilməsi" mövzusu, "Kəsrin məxrəcinin və ya surətinin irrasionallıqdan azad edilməsi" kimi əvəz olunur; -"Tənliklər sistemi" bölməsində üçüncü mövzu "İkidəyişənli xətti tənliklər sisteminin həllinin varlığının araşdırılması" kimi yazılır. Növbəti seminar iclasında qəbul proqramının müzakirəsi davam etdiriləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə