Təhsil müəssisələrinin baş mühasiblərinin iştirakı ilə seminar-müşavirə keçirilib

Təhsil müəssisələrinin baş mühasiblərinin iştirakı ilə seminar-müşavirə keçirilib
Təhsil Nazirliyində Bakı və Sumqayıt şəhərlərində yerləşən və birbaşa nazirlikdən maliyyələşən təhsil müəssisələrinin baş mühasiblərinin iştirakı ilə seminar-müşavirə keçirilib. Təhsil Nazirliyinin mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, seminar-müşavirədə nazirlikdən maliyyələşən xərclərin 2009-cu il üzrə icrası, 2010-cu ilin 9 ayı üzrə icra vəziyyəti və 2011-ci ilin proqnoz göstəriciləri, ali təhsil müəssisələrində yeni maliyyələşdirmə mexanizminin tətbiqi vəziyyəti, əmək haqlarının artımı ilə bağlı qarşıda duran vəzifələr, ştat və tarifləşmə cədvəllərinin yenidən hazırlanması, rüblük və illik mühasibat hesabatlarının təqdim edilməsi və bir sıra digər mövzular ətrafında müzakirələr aparılıb.
Seminar-müşavirəni giriş sözü ilə açan İqtisadiyyat şöbəsinin müdiri Şahrza Əliyev tədbirin gündəliyi barədə məlumat verdikdən sonra 2009-cu ilin dövlət büdcəsi üzrə təhsil xərclərinin icrası, 2010-cu ilə dövlət büdcəsində nəzərdə tutulan təhsil xərcləri və 2011-ci ilə dövlət büdcəsinin proqnozlaşdırılan gəlir və xərcləri, həmçinin bir sıra göstəricilər barədə müqayisəli rəqəmləri tədbir iştirakçılarının nəzərinə çatdırıb. Ş.Əliyev bildirib ki, dövlət qayğısının yüksək təzahürü kimi təhsilə dövlət büdcəsindən ayrılan vəsaitlərin həcmi ildən-ilə əhəmiyyətli dərəcədə artır. Sonra Ş.Əliyev seminar-müşavirədə müzakirə edilən mövzuların hər biri barədə məlumat verərək baş mühasiblərin qarşısında duran vəzifələrdən danışıb.

Seminar-müşavirənin davamında İqtisadiyyat şöbəsinin əməkdaşları qarşıda duran vəzifələr barədə məruzə ilə çıxış edib, baş mühasibləri maraqlandıran sualları cavablandırıblar.

Seminar-müşavirənin sonunda İqtisadiyyat şöbəsinin müdiri Şahrza Əliyev müzakirə olunan mövzular üzrə bir sıra məqamlara aydınlıq gətirib, Təhsil Nazirliyi rəhbərliyinin İqtisadiyyat şöbəsinin qarşısında qoyduğu yeni tələblərdən söz açıb, bununla bağlı tabe təşkilatların baş mühasiblərinin üzərinə düşən vəzifələri nəzərə çatdırıb.

Bütün xəbərlər Facebook səhifəmizdə