Balakəndə təhsilə diqqət və qayğı təqdirəlayiqdir

Balakəndə təhsilə diqqət və qayğı təqdirəlayiqdir

Respublikamızıın sürətli inkişafı, bütün sahələrdə olduğu kimi təhsil sahəsində də özünü göstərir. Bu gün paytaxt Bakı şəhəri ilə yanaşı, Respublikamızın ən ucqar rayonlarında belə müasir tələblərə cavab verən məktəb binaları inşa olunur. Şagirdlərin keyfiyyətli tədris almaları üçün məktəblərimiz dərslik və müasir avadanlıqlarla tam təmin olunub.

Azərbaycanın dilbər guşəsi olan Balakən də Respublikamızıın sərhəd rayonlarındandır. Məlum məsələdir ki, Balakən rayonu ərazisindən ölkəmizə daxil olan hər bir qonaq ətrafında ilk gördüyündən gəldiyi dövlət haqqında onda ilkin təəssüratı formalaşmağa baçlayır. Bu incə nüansları nəzərə alan Balakən rayon rəhbərliyi, istər yolların kənarının təmiz saxlanmasına, istər də inzibati binalara xüsusi diqqət yetirirlər.

Rayona daxil olarkən yol boyu qarşıya çıxan təhsil müəssisələri də müasir standartlara cavab verəcək səviyyədədir. Rayon icra hakimiyyətindən aldığımız məlumata görə, ötən tədris ili Balakən rayon təhsili üçün çox uğurlu il olmuşdur. Balakən rayon icra hakimiyyəti və Balakən RİH-nin başçısı İslam Rzayev rayon təhsilini həmişə diqqət mərkəzində saxlamış və xüsusi qayğı göstərir.

Ötən tədris ili Balakən rayonunun məzunlarından ali məktəblərə qəbul üçün 301 nəfər sənəd vermiş onlardan 224 nəfəri tələbə adını qazanmaqla müxtəlif nüfuzlu ali məktəblərə qəbul olunmuşdur. 13 nəfər 600-dən, 28 nəfəri isə 500-dən yuxarı bal toplamışdır. Onların arasında iki "Qızlı medal"çı da vardır.

Qeyd edək ki, Balakən rayonundakı ümumtəhsil məktəblərinin 70 faizi 2005-2015 –ci illərdə, yeni inşa vəyaxud əsaslı təmir olunublar. Bundan əlavə sözügedən məktəblər müasir avadanlıqlarla da təchiz olunmuşdur.

Katex qəsəbəsi öz təmizliyi, yaşıllığı ilə seçilən yaşayış məntəqələrindəndir. Burada da təhsilə dövlət qayğısı hər addımda hiss olunur. Katexdə uzun illər pedoqoji fəaliyyətlə məşğul olan Əsəb Manahovla görüşümüz onun rəhbərlik etdiyi tədris müəssisəsinin qarşısında oldu.

S.Qurbanov adına Katex 1 saylı tam orta məktəbin direktoru, Respublikanın Əməkdar müəllimi Manahov Əsəb Səid oğlu ilə bir xeyli söhbətləşdikdən sonra siniflərə girmək istədiyimizi bildirdik. Doğrusu sözün yaxşı mənasında gözləmədiyimiz mənzərə ilə rastlaşdıq. Davamiyyətin yüz faiz olması, şagirdlərin necə həvəslə dərsə gəlmələri bizdə xeyli maraq və suallar yaratdı. Onu da xüsusi vurğulamaq istəyirik ki, Katex bir saylı təhsil ocağı da əsaslı təmir olunmalıdır. Güman ki, növbəti tədris ilinə kimi sözügedən məktəb də əsaslı təmir olunaraq şagirdlərin ixtiyarına veriləcəkdir. Çünki rayondan aldığımız məlumata görə bu məktəbin təmiri də Balakən rayon icra hakimiyyətinin başçısı İslam Rzayevin diqqət mərkəzindədir.

Şagirdlərlə tənəffüs zamanı etdiyimiz söhbətdən belə məlum oldu ki, uşaqlar əlavə hazırlığa, repetitor yanına getmirlər. Məktəb nə təhsil verirsə onunla da qane olurlar. Bəli, Katex bir saylı tam orta məktəbdə gördüklərimiz bizə çox yaxşı təsir bağışladı. Aldığımız məlumata görə, ucqar rayonun kənd məktəbinin yaxşı oxuyan uşaqları paytaxtda təhsillə bağlı bir sıra verilişlərdə, o cümlədən "Əlaçı" yarışmasında iştirak edib və qalib də olublar. Əslində burada təəcüblü heç nə yoxdur. Müəllim hər yerdə müəllimdir. Ancaq nəzərə alsaq ki, hətta paytaxtımızda yerləşən ən aparıcı məktəb şagirdləri belə repetitor yanına gedir, Katex bir saylı məktəbin tədrisi doğrudan da təqdirəlayiqdir.

Bildiyimiz kimi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ötən ilin oktyabrında regionların sosial-iqtisadi inkişafına dair keçirdiyi müşavirədə demişdir ki, 2017-18 illərdə qəzalı vəziyyətdə olan məktəblər modul tipli məktəblərlə əvəz olunmalıdır.

Prezidentin bu tapşırığına uyğun olaraq rayonun Sarıbulaq kəndində 40, Salban kəndində 20 şagird yerlik modul tipli məktəb quraşdırılmışdır. Cari tədris ilinin ilk günündə həmin məktəblərin açılışı olmuşdur. Hər iki məktəbin açılışında rayon icra hakimiyyətinin başçısı İslam Rzayev iştirak edərək geniş nitq söyləmiş, Azərbaycanda təhsilə dövlət qayğısından danışmışdır. Rayon rəhbəri öz çıxışında, Təhsil Nazirliyinin sifarişi əsasında inşa olunan bu tipli məktəblərin, ölkəmizdə təhsilə göstərilən Dövlət qayğısının bariz nümunəsi olduğunu xüsusi vurğulamışdir. Balakən RİH başçısı İ.Rzayev 2017-18 tədris ilinin təhsildə keyfiyyət ili elan olunmasına da toxunaraq, cari tədris ilində, tədrislə məşğul olan hər kəsin üzərinə böyük məsuliyyət düşdüyünü deyib.

Balakən təhsilinə Dövlət qayğısı rayonun hər bir təhsil müəssisəsində hiss olunur.

Balakəndə istedadlı şagirdlərin üzə çıxarılması məqsədilə, hər il Balakən RTŞ tərəfindən müxtəlif müsabiqələr keçirilir. Belə müsabiqələrdən biri də “Beynəlxalq sülh və əməkdaşlıq fondu” tərəfindən rayon təhsil şöbəsinə daxil olmuş məktub əsasında “Donkixot və Utopiyanın gücü gələcəyi hazırlayacaq” mövzusuna həsr olunmuş müsabiqədir. Müsabiqədə rayonun bütün ümumtəhsil məktəblərindən istedadlı şagirdlər iştirak etmişdir. Münsiflər heyəti tərəfindən Tülü kənd bir saylı tam orta məktəbin səkkizinci sinif şagirdi Gülər Bayramlının əl işi qalib hesab edilmiş və İspaniyanın Madrid şəhərinə göndərilmişdir. Rəsm işi Madriddən Buenos-Ayresə göndərilmiş, beynəlxalq sərgidə nümayiş etdirilmiş və mükafata layiq görülmüşdür. Sülh və əməkdaşlıq adlı QHT tərəfindən Argentinanın paytaxtı Buenos–Ayres şəhərinin Karlos Stip məktəbində Sülh və əməkdaşlıq məktəb mükafatının təqdimat mərasimində, ölkəmizin Argentinadakı səfiri də iştirak etmişdir. Həmin tədbirdə çıxış edən QHT rəhbəri bu müsabiqədə iştirak etmiş ölkələr içərisində Azərbaycanın adını xüsusi vurğulamış və Azərbaycandan olduqca maraqlı işlərin təqdim

olunduğunu qeyd etmişdir. Qeyd edək ki, müsabiqədə Azərbaycandan dörd nəfər şagirdin əl işi qalib hesab olunmuş onların mükafatları səfirə təqdim edilmişdir. Müsabiqədə iştirak edərək qalib olan şagirdlərdən biri də Balakən rayonunun şagirdidir. Müsabiqədə qalib hesab olunan Gülər Bayramlının mükafatı rayon müəllimlərinin sentyabr konfrasında təqdim edilmişdir.

Əlmaniz Ələkbərli, SİA-nın Şimal-Qərb bürosu.

Bütün xəbərlər Facebook səhifəmizdə