Ölkəmizdə ilk dəfə elektron ali təhsil məkanı mövzusunda simpozium keçirilib
Noyabrın 7-də Azərbaycan Bədən Tərbiyəsi və İdman Akademiyasında “Azərbaycanın elektron ali təhsil məkanı - məhdudiyyətlər, imkanlar və perspektivlər” mövzusunda birinci simpozium keçirilib. Tədbirdə Azərbaycanın ali təhsil müəssisələrinin rektorları, elektron təhsil sahəsində müvafiq təcrübəyə malik şirkət və qurumların nümayəndələri, bu sahədə fəaliyyət göstərən yerli və xarici ekspertlər, müəllimlər, tələbələr iştirak ediblər. Simpoziumun plenar iclasında Təhsil Nazirliyinin nümayəndələri və rektorlar çıxış ediblər.
Akademiyanın rektoru Fuad Hacıyev tədbirdə çıxış edərək son dövrdə bu təhsil ocağında həyata keçirilən islahatlardan danışıb. Bildirib ki, müasir texnologiyaların gündən-günə inkişafı və onların təhsilə inteqrasiyası “elektron təhsil” ifadəsini aktuallaşdırıb. Azərbaycan Bədən Tərbiyəsi və İdman Akademiyasının əsas məqsədlərindən biri təlim-tədris prosesində innovativ həllərin, müasir texnologiyaların tətbiqini təmin etməkdir. Elektron təhsil də bu baxımdan prioritetlərimizdən biridir. Bu gün belə bir simpoziumun təşkil olunmasında məqsəd bu sahədə ölkəmizin ali təhsil müəssisələri arasında təcrübə mübadiləsi gerçəkləşdirməkdir.
Ölkəmizdə elektron təhsilin inkişaf etdirilməsi, bu sahədə təhsil müəssisələri arasında təcrübə paylaşımı məqsədi daşıyan simpozium iki hissədən ibarət olub. Birinci hissədə iştirakçılara “Elektron təhsil”, “İdman Akademiyasının elektron təhsildə təcrübəsi”, “ADA Universitetinin elektron Tələbə Məlumat Sisteminin qurulmasında təcrübəsi” və “Universitetlər onlayn məkanda - MOOC, açıq universitetlər ve onlayn proqramlar” mövzularında məruzələr dinlənilib.
Simpoziumun ikinci hissəsində “Tədris yönümlü effektiv video dərslərin yaradılması”, “Öz onlayn kursunu yarat”, “Müasir təhsil ünsiyyəti”, “Online kurslar vasitəsilə ingilis dilinin tədrisi”, “Təhsil müəssisəsinin avtomatlaşdırılması konsepsiyası” və “Akademik Yazı kursunun onlayn təşkili” mövzularında xüsusi təqdimatlar keçirilib. Tədbir çərçivəsində elektron təhsil sahəsində təcrübəsinə sahib şirkət və startaplar ilə tanışlıq olub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB