Misir Mərdanov: "Dövlət proqramı əsasında xaricdə təhsil alan gənclərin işlə təmin olunması barədə sənəd layihəsi hökumətə təqdim edilib"

Misir Mərdanov: "Dövlət proqramı əsasında xaricdə təhsil alan gənclərin işlə təmin olunması barədə sənəd layihəsi hökumətə təqdim edilib"

"Bu gün Azərbaycandan kənarda təhsil almaq istəyən gənclərin sayı çoxdur. Azərbaycanda heç bir zaman xaricdə təhsil almağa arzu, istək indiki qədər olmayıb". SİA-nın xəbərinə görə, bu barədə təhsil naziri Misir Mərdanov məlumat verib.

O bildirib ki, bu gün Azərbaycandan kənarda təhsil alanların sayı bizə dəqiq bəlli deyil. Onun sözlərinə görə, 10 mindən çox gəncin təhsil aldığı deyilsə də, bu dəqiq rəqəm deyil.

Nazir qeyd edib ki, 2 il ərzində "2007-2015-ci illərdə azərbaycanlı gənclərin xarici ölkələrdə təhsil almasına dair dövlət proqramı" çərçivəsində təhsil alan 43 gənc xarici ölkələrdə təhsilini başa vurub: "Onlardan 2-si orduya cəlb edilib, qalanları isə yaxşı işlə təmin olunub. Bundan əlavə qeyd edim ki, dövlət proqram çərçivəsində xaricdə təhsil alan və Azərbaycana qayıdan gənclər Dövlət Qulluğu Komissiyasına müraciət edərək imtahansız dövlət qulluğuna daxil olmaq hüququ qazanırlar".

Daha sonra M.Mərdanov vurğulayıb ki, Təhsil Nazirliyi prezidentin tapşırığı ilə dövlət proqramı əsasında xaricdə təhsil alan gənclərin Azərbaycana qayıtdıqdan sonra işlə təmin olunması barədə sənəd layihəsi hazırlayaraq hökumətə təqdim edib. Sənədin demək olar ki, bütün qurumlardan keçdiyini deyən nazir qeyd edib ki, yaxın zamanlardan hökumət tərəfindən onun təsdiqi gözlənilir. Onun sözlərinə görə, burada əsas məqsədimiz ondan ibarətdir ki, dövlət vəsaiti hesabına xaricdə təhsil alan hər bir azərbaycanlı gənc əvvəlcədən bilsin ki, ona hansı iş təklif ediləcək və işinin əvəzində nə qədər əmək haqqı veriləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə