Sabah paytaxtda 4-cü Azərbaycan Beynəlxalq Təhsil və Karyera Sərgisi öz işinə başlayacaq

Sabah paytaxtda 4-cü Azərbaycan Beynəlxalq Təhsil və Karyera Sərgisi öz işinə başlayacaq
7-9 oktyabr tarixlərində Bakı şəhərində 4-cü Azərbaycan Beynəlxalq Təhsil və Karyera Sərgisi keçiriləcək. SİA-nın xəbərinə görə, bu gün IV Azərbaycan Beynəlxalq Təhsil və Karyera Sərgisinin açılışına həsr olunmuş mətbuat konfransı təşkil olunub. Tədbirdə təhsil naziri Misir Mərdanov, İTECA Caspian Şirkətinin direktoru Fərid Məmmədov iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan təhsil naziri bildirib ki, sərgi yeni "Bakı Ekspo Mərkəzi" sərgi kompleksində keçiriləcək və bu da öz növbəsində sərginin inkişafının yüksək dinamikasını bir daha göstərir: "Ənənəvi olaraq sərgi Təhsil Nazirliyinin dəstəyi ilə keçirilir. Sərgi 60-dan çox ödənişli və ödənişsiz fakültələri, kursları, habelə ən müxtəlif ixtisaslar üzrə proqramları özündə birləşdirən 94 təhsil müəssisəsi və təşkilatını təqdim etməklə, öz beşillik yubileyi ərəfəsində "Təhsilini seç - gələcəyini təmin et!" şüarını layiqli şəkildə doğruldacaq. Təhsil istiqamətlərinin coğrafiyası da əhəmiyyətli dərəcədə genişlənərək Azərbaycan, Böyük Britaniya, Macarıstan, Almaniya, Yunanıstan, İspaniya, Kanada, Koreya, BƏƏ, Rusiya, ABŞ, Türkiyə və İsveçrə kimi ölkələri əhatə edir. Bütövlükdə isə sərginin ekspozisiyasında məktəbəqədər və orta təhsil, ali təhsil müəssisələrinin proqramları, distansion maarifləndirmə sistemləri, xaricdə təhsil və tələbələrin mübadiləsi üzrə proqramlar, elmi dərəcələrin əldə edilməsi üzrə təhsil, karyeranın planlaşdırılması və inkişaf etdirilməsi üzrə konsultasiyalar, fakültativ təhsil və turizm üzrə proqramlar, dil kursları və yay məktəbləri, yeni informasiya texnologiyaları, multimedia sistemləri, video və televiziya avadanlıqları, kompüterlər təqdim olunur.

Tədbirin davamında çıxış edən layihənin meneceri Xəyal Əliyeva sərgi haqqında ətraflı məlumat verib. O vurğulayıb ki, sərgidə ilk dəfə olaraq Ankara, İstanbul və İzmirin 15 təhsil müəssisəsini özündə birləşdirən Türk Milli Universitetlər Qrupu da iştirak edir.

"Koreyanın milli stendi isə əsas istiqamətləri İKT və mühəndislik olan 11 universiteti təqdim edəcək. Koreyanın "Study in Koreya" təhsil strukturu isə sərgidə iştirak etməklə yanaşı, həm də ilk görüş yerlərindən biri sayılan qeydiyyat ərazisini seçərək "Təhsil və Karyera 2010" sərgisinin sponsoru qismində çıxış edir. Böyük Britaniya isə London, Edinburq, Esseks, Notinhem, Suffolk şəhərlərinin 16 universitet və məktəblərini təqdim edəcək. Moskva, Sankt-Peterburq, Nijni Novqorod, Samara və Dağıstanın 22 tanınmış ali təhsil müəssisəsi bu universitetlərin rəsmi nümayəndəsi olan Rusiya şirkətinin stendində təqdim olunacaq. Sərgidə ilk dəfə olaraq Litva Səfirliyi də iştirak edir və onun tərkibində Litvanın 2 dövlət ali təhsil müəssisi təqdim olunacaq. Azərbaycan təhsil sektoru isə dövlət və özəl təhsil müəssisələri də daxil olmaqla, sərginin Azərbaycan Dövlət İqtisad Universiteti, Azərbaycan Universiteti, Azərbaycan Diplomatiya Akademiyası kimi daimi iştirakçıları tərəfindən təqdim ediləcək", - deyə o əlavə edib.

Tədbirin davamında təhsil naziri M.Mərdanov jurnalistləri maraqlandıran sualları cavablandırıb.

Bütün xəbərlər Facebook səhifəmizdə