NDU-nun tələbələri Türkiyədə

Naxçıvan Dövlət Universitetinin (NDU) təbiətşünaslıq və kənd təsərrüfatı fakültəsinin baytarlıq ixtisasının 2 müəllim və 10 tələbədən ibarət heyəti oktyabrın 29-dan noyabrın 4-dək Türkiyənin Ərzurum Atatürk Universitetinin baytarlıq fakültəsində klinik təcrübə və dərslərdə iştirak edəcəklər.

NDU-nun mətbuat şöbəsindən bildirilib ki, bu münasibətlə keçirilən tədbirdə çıxış edən universitetin rektoru, AMEA-nın müxbir üzvü Saleh Məhərrəmov dünyanın 80-dən çox tanınmış universiteti ilə tərəfdaşlıq edən bu ali məktəbin Türkiyə universitetləri ilə əməkdaşlığa xüsusi əhəmiyyət verdiyini deyib. Rektor qeyd edib ki, bu əlaqələrin təməli 1992-ci ildə Ərzurum Atatürk Universiteti ilə əməkdaşlıq vasitəsilə qoyulub və qardaş ölkənin 40-a yaxın ali təhsil ocağı ilə əməkdaşlıq bu gün də uğurla davam etdirilir.

Tərbiyə işləri üzrə prorektor Şamxal Məmmədov çıxışında tibb fakültəsinin və baytarlıq ixtisasının tələbələrinin müxtəlif vaxtlarda Ərzurum Atatürk Universitetində təcrübədə olduğunu, müştərək konfranslarda fəal iştirak etdiyini diqqətə çatdırıb.

Baytarlıq kafedrasının müdiri Yunis Rüstəmli müəllim və tələbələrin növbəti təcrübə dövründən səmərəli istifadə edərək, Naxçıvan Dövlət Universitetini layiqincə təmsil edəcəklərinə əminliyini bildirib.

Bütün xəbərlər Facebook səhifəmizdə