Məleykə Abbaszadə vətəndaşları qəbul etdi

Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə şəhər və rayonlarda vətəndaşların dövlət qurumlarının, mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri tərəfindən qəbulu cədvəlinə uyğun olaraq Şəmkir rayonunda vətəndaşları qəbul edib. DİM-dən SİA-ya verilən xəbərə görə, qəbulda Şəmkir, Tovuz, Qazax və Ağstafa rayon sakinləri və bu rayonlarda məskunlaşmış qaçqın və məcburi köçkünlər iştirak ediblər.

Görüşdən öncə sədr Məleykə Abbaszadə Ulu öndər Heydər Əliyevin abidəsini ziyarət etmiş və abidənin önünə gül-çiçək dəstələri düzülüb.

Görüşdə əsasən 2019-cu ildə tətbiqi nəzərdə tutulan ümumi təhsil pilləsində təhsilalanların yekun qiymətləndirilməsi (buraxılış) imtahanlarının və ali təhsil müəssisələrinə qəbul imtahanlarının modeli, tətbiq olunacaq yeniliklər, dövlət qulluğuna qəbul üzrə müsabiqənin keçirilməsi və s. məsələlərlə əlaqədar DİM Direktorlar Şurasının sədrinə müraciət edilib. Vətəndaşlara müraciətləri ilə bağlı ətraflı izahat verilib, DİM-in səlahiyyətlərinə aid olan bir çox məsələlər yerindəcə həll edilib. Digər müraciətlərin araşdırılması və baxılması üçün qeydiyyatı aparılıb.

Qeydiyyatdan keçənlərlə yanaşı görüş zamanı birbaşa müraciət edən vətəndaşlar da M.Abbaszadə tərəfindən dinlənilmiş və onların müraciətlərinin həlli üçün müvafiq tədbirlər görülmüşdür.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə