“25 il Azərbaycan naminə” adlı intellektual oyun keçirilir FOTO

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən ümumi təhsil müəssisələrində Yeni Azərbaycan Partiyasının 25 illiyinə həsr olunmuş “25 il Azərbaycan naminə” adlı intellektual oyun keçirilir.

Təhsil İdarəsindən SİA-ya verilən məlumata görə, oyunun keçirilməsində əsas məqsəd Yeni Azərbaycan Partiyası və Ümummilli lider Heydər Əliyevin fəaliyyətinin məktəblilər arasında təbliğ edilməsi, gənclərə milli-mənəvi dəyərlərin, vətənpərvərliyin, azərbaycançılıq ideologiyasının və Heydər Əliyev irsinin aşılanması, o cümlədən gənclərin asudə vaxtlarının səmərəli təşkil edilməsindən ibarətdir.

YAP Binəqədi Rayon Təşkilatı, Binəqədi Rayon Gənclər və İdman İdarəsi və Binəqədi Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə keçirilən intellektual oyunda Binəqədi rayon üzrə ümumi təhsil məktəblərinin IX-XI sinif şagirdlərindən ibarət olan komandalar iştirak edir. Hər komanda 6 nəfərdən ibarət olur.

İntellektual oyun 2 mərhələdə keçirilir. Birinci mərhələdə rayon ərazisində yerləşən təhsil müəssisələri 8 qrup üzrə yarımfinal mərhələsində yarışır və hər qrup üzrə I yeri tutmuş 8 komanda finala vəsiqə qazanır.

Yarış iştirakçılarına 20 sual ünvanlanır və hər sualın cavablandırılması üçün 1 dəqiqə vaxt ayrılır. Yarışın sonunda komandaların cavabları münsiflər heyəti tərəfindən qiymətləndirilərək qalib komanda müəyyənləşdirilir.

Qeyd edək ki, qalib gələn komandalar oktyabrın 24-də keçiriləcək oyunun final mərhələsində I, II və III yerlər uğrunda mübarizə aparacaqlar.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...