Nazir qəbul keçirəcək

Təhsil naziri Mikayıl Cabbarov 16 oktyabr 2017-ci il tarixində saat 10:00-da Füzuli rayonunun Horadiz şəhərindəki Heydər Əliyev Mərkəzində mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin 2017-ci ilin oktyabr ayında şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq, Ağdam, Füzuli, Beyləqan və Tərtər rayon sakinlərini qəbul edəcək. Nazirliyin mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, qəbulda Ağdam, Füzuli, Beyləqan və Tərtər rayonlarında müvəqqəti məskunlaşmış məcburi köçkünlər də iştirak edə bilərlər.

Qəbula gəlmək istəyən vətəndaşlar 10-12 oktyabr 2017-ci il tarixlərində Təhsil Nazirliyinin Telefon Məlumat Mərkəzinin 146 nömrəli telefonuna zəng etməklə (“Qaynar xətt” xidməti) və ya nazirliyin rəsmi saytının “Vətəndaşların qəbulu” bölməsinə (http://edu.gov.az/az/contacts/request) daxil olmaqla elektron qeydiyyatdan keçə bilərlər.

Qeydiyyatdan keçmiş vətəndaşlardan xahiş olunur ki, qəbula gələrkən aidiyyəti məsələləri dolğun ifadə edən ərizə ilə müraciət etsinlər.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə