“Dərsliklərin hazırlanması ciddi məsələdir” EKSPERT RƏYİ

“Dərsliklərin hazırlanması ciddi məsələdir” EKSPERT RƏYİ

“Azərbaycanda dərsliklərin hazırlanması ilə bağlı əvvəllər müəyyən qaydalar olub. Lakin sonradan bu qaydalar dəyişdirilərək, xarici təcrübəyə, yəni dərsliklərin nəşriyyatlar tərəfindən hazırlanmasına üstünlük verildi”. Bunu SİA-ya açıqlamasında təhsil üzrə ekspert Əjdər Ağayev deyib.

Ekspertin sözlərinə görə, ölkəmizdə son dövrlərdə dərsliklərin keyfiyyəti aşağı düşüb: “Yeni qaydalara görə, nəşriyyat tərəfindən hazırlanan dərsliklər Təhsil Nazirliyinə təqdim olunur və sonra nazirliyin qiymətləndirmə komissiyasından keçir. Amma əslində Təhsil Nazirliyi tədris planına uyğun olaraq fənləri müəyyənləşdirməli, həmin fənlərə uyğun dərsliklərin hazırlanması müsabiqə yolu ilə həyata keçirilməlidir. Belə ki, alim, müəllim, metodistdən ibarət qruplar dərslikləri yazıb həmin müsabiqəyə təqdim etməklə bu hüququ qazana bilərlər. Müsabiqədə qəbul olunan dərsliklər belə ictimai rəyə, redaktəyə verilməli, qiymətləndirildikdən sonra yalnız onun çapı məsələsi nəşriyyata tapşırılmalıdır”.

Ə.Ağayev bildirib ki, dərsliklərin əvvəlki qaydalarla hazırlanması ilə bağlı dəfələrlə müzakirələr aparılıb, nazirlik tərəfindən də müəyyən səylər göstərilsə də, bu sahədə problem həllini tapmır: “Son dövrlər dərsliklərimizdə kobud səhvlərə yol verilir. Çünki, dərsliklərə təhsildən xəbəri olmayan, bir saat belə dərs deməyən nəşriyyat direktorları müəlliflik edir. Buna görə dərsliklərimiz həm elmi, həm də didaktik-pedaqoji baxımından keyfiyyətsiz olur”.

Ekspertin fikrincə, məhz bunun nəticəsidir ki, cəmiyyət içərisində kimlərəsə xidmət edən bəzi şəxslər imkan taparaq dərsliklərə yanlış ideyalar verərək, hətta düşmən mövqeyini daxil edə bilirlər: “Bu baxımdan dərsliklərin hazırlanması məsələsi sadəcə ictimai fikirlə deyil, hökumət səviyyəsində təhlil olunmalıdır”.

Ə.Ağayev əlavə edib ki, xüsusilə Azərbaycan tarixi dərslikləri hökumətin sifarişi ilə ən yüksək elmi, metodik səviyyəli insanlara yazdırılmalıdır: “Belə bir təcrübə dünyada da var. Koreyada bütün dərslikləri müsabiqə ilə yazdırsa da, tarix kitabları hökumət tərəfindən sifarişlə hazırlanır”.

Məlumat üçün nəzərinizə çatdıraq ki, orta məktəblərin 10-cu sinfi üçün nəzərdə tutulmuş rus dilində “Azərbaycan tarixi” dərsliyində yer almış xəritədə uydurma “Dənizdən-dənizə Böyük Ermənistan” dövlətinin əraziləri təsvir olunub və ora Azərbaycan, Türkiyə, İran və Gürcüstanın torpaqları daxil edilib.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə