Paytaxt məktəbliləri Cocuq Mərcanlıda FOTO

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki ümumi təhsil müəssislərinin bir qrup müəllim və şagirdi Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinə səfər edib.

Təhsil İdarəsindən SİA-ya verilən məlumata görə, səfərdə məqsəd paytaxt məktəblilərini erməni işğalından azad olunmuş və hazırda quruculuq-abadlıq işlərinin aparıldığı Cocuq Mərcanlı kəndi ilə tanış etmək, həmçinin, Novruz Aslanov adına Cocuq Mərcanlı kənd tam orta məktəbi ilə əlaqələr qurmaq, təcrübə mübadiləsi aparmaq və şagirdlər arasında dostluq münasibətləri yaratmaqdan ibarətdir.

Səfər çərçivəsində paytaxt məktəblərinin müəllim və şagirdləri Cocuq Mərcanlı kəndi ilə tanış olub, həyata keçirilən yenidənqurma işləri ilə maraqlanıblar. Onlara kənd haqqında ətraflı məlumat verilib. Həmçinin, Cocuq Mərcanlı kənd tam orta məktəbində Bakı məktəblərinin müəllim və şagirdlərinin də iştirakı ilə “Açıq dərs”lər təşkil olunub. “Açıq dərs”lərdə paytaxt məktəblərinin coğrafiya, biologiya, riyaziyyat, İngilis dili, idman, musiqi və ibtidai sinif müəllimləri iştirak ediblər.

Səfər zamanı, həmçinin, Boloniya sisteminin mobillik prinsipi çərçivəsində paytaxtdakı ümumi təhsil müəssisələri ilə Cocuq Mərcanlı kənd tam orta məktəbi arasında əlaqələrin genişləndirilməsi məsələsi müzakirə olunub.

Məktəbdə keçirilən tədbirdə paytaxt məktəblilərinin ifasında musiqi nömrələri dinlənilib.

Sonda Bakıdan olan qonaqlar məktəbə hədiyyələr bağışlayıblar.

Növbəti aylarda Cocuq Mərcanlı kənd tam orta məktəbinin müəllim və şagirdlərinin paytaxta səfəri nəzərdə tutulur.

Bütün xəbərlər Facebook səhifəmizdə