Ali məktəblərdə hazırlıq siniflərinin yaradılması üçün yeni qaydalar hazırlanır

"Hazırda ali məktəblərdə hazırlıq siniflərinin yaradılması üçün yeni qaydalar hazırlanır. SİA-nın məlumatına görə, bunu təhsil naziri Mikayıl Cabbarov jurnalistlərə deyib.

Onun sözlərinə görə, həmin qaydalarda hazırlıq qruplarında tədrisin təşkilinin qaydaları və normativləri müəyyənləşəcək:

"Prezidentin müvafiq sərəncamına əsasən, Nazirlər Kabineti tərəfindən ali məktəblərdə hazırlıq siniflərinin yaradılması ilə bağlı qaydalar təsdiqlənməlidir. Hazırda yeni qaydalar hazırlanır və bunlar tam hazır olduqdan sonra mexanizmin tətbiqinə başlanılacaq".

Nazir əlavə edib edib ki, hazırlıq qruplarının yaradılacağı ali məktəblər və ixtisaslarla bağlı qərarlar növbəti mərhələlərdə veriləcək: “Hazırda ekspertlər, Təhsil Nazirliyinin aidiyyəti şöbələri tərəfindən bu istiqamətdə iş aparılır. Müəyyən müddətdən sonra bu məlumat ictimailəşdiriləcək”.

Mikayıl Cabbarov açıqlaması zamanı tələbələrin ali məktəbə hazırlıq səviyyəsinə də toxunub. O bildirib ki. Azərbaycanda ali məktəblərə ildən-ilə daha hazırlıqlı tələbələr qəbul olur. 2017/2018-ci tədris ilində ölkənin ali məktəblərinə rekord sayda - 37 500-ə yaxın abituriyent qəbul olub. Xüsusi olaraq vurğulamaq istərdim ki, bu orta qəbul balının artması ilə bərabər baş verib. Yəni, tələbə sayının artması ali məktəblərə qəbul meyarlarının aşağı salınması ilə deyil, keyfiyyət meyarının qorunub saxlanması ilə baş verir".

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə