ADU-nun 442 tələbəsi orta məktəblərdə pedaqoji təcrübə keçəcək

ADU-nun 442 tələbəsi orta məktəblərdə pedaqoji təcrübə keçəcək

Oktyabrın 1-də Azərbaycan Dillər Universitetində (ADU) 1 və 2 saylı İngilis dili, Alman və Fransız dili fakültələrinin IV kurs tələbələrinin pedaqoji təcrübəsinin başlanmasına həsr olunmuş konfrans keçirilib. SİA-nın məlumatına görə, konfransda ADU-nun Tədris işləri üzrə prorektoru, professor Natiq Yusifov, fakültə dekanları, eləcə də pedaqoji təcrübəyə göndəriləcək tələbələr iştirak edib.

Konfransda çıxış edən ADU-nun prorektoru Natiq Yusifov pedaqoji təcrübənin tələbələrin gələcək karyeralarında mühüm rol oynadığını, bilik və bacarıqlarının üzə çıxarılmasında mühüm əhəmiyyət kəsb etdiyini bildirib. İndiyədək həyata keçirilən pedaqoji təcrübələrin uğurlu başa çatdığını vurğulayan prorektor, qazanılan nailiyyətlərdə pedaqoji təcrübəyə rəhbərlik edən pedaqoqların, metodistlərin və psixoloqların böyük əməyi olduğunu konfrans iştirakçılarının diqqətinə çatdırdı: "Buna qədər olan pedaqoji təcrübələr uğurla keçib. Tələbələrin təcrübə keçdiyi məktəblərdən fəxri fərmanlar və təşəkkürlər almışıq".

Pedaqoji təcrübənin keçirilməsi üçün bütün hüquqi-normativ məsələlərin həll olunduğunu bildirən Natiq Yusifov, problem yaranacağı təqdirdə, fakültə dekanlarına müraciət etməyin vacibliyini önə çəkib. ADU-nun prorektoru pedaqoji təcrübə müddətində tələbələrə uğurlar arzulayıb. Sonra söz alan ADU-nun Pedaqogika kafedrasının müdiri, professor Nurəddin Kazımov nəzəriyyədə mənimsənilən biliklərin, yeni ideyaların və təlim metodlarının təcrübədə tətbiq edilməsinin zəruri olduğunu bildirib.

Digər çıxış edənlər də pedaqoji təcrübə müddətində tələbələrin intizam qaydalarına ciddi riayət etmələrinə, nəzəriyyədə öyrəndikləri biliklərin tədrisdə tətbiq olunmasının vacidliiyini vurğulayıblar.

Sonda ADU-nun pedaqoji təcrübə rəhbəri Bəxtiyar Həmzəyev pedaqoji təcrübəyə təhkim olunan müəllim və tələbələrin siyahısını təqdim edib.

Qeyd edək ki, 2010-2011-ci il tədris ilində ADU-nun 442 tələbəsi Bakının 30 məktəbində pedaqoji təcrübə keçəcək. Onu da bildirək ki, təcrübə müddəti oktyabrın 1-dən noyabrın 5-dək davam edəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə