Yağan yağışlar məktəblərdə davamiyyətə təsir edib? RƏSMİ AÇIQLAMA

“Son günlər ölkə ərazisində qeydə alınan qeyri-sabit, yağmurlu hava şəraiti Bakı məktəblərindəki davamiyyətə hər hansı mənfi təsir göstərməyib”. SİA-nın xəbərinə görə, bu fikirləri Bakı şəhəri üzrə Təhsil İdarəsinin müdiri Məhəbbət Vəliyeva bildirib. Onun sözlərinə görə, yağan yağışlar nəticəsində davamiyyət ciddi şəkildə zəifləməyib: "Ümumiyyətlə, paytaxtda yağmurlu hava şəraiti zamanı ümumtəhsil müəssisələrində dərsə davamiyyətin aşağı düşməsi ilə bağlı idarəyə heç bir müraciət daxil olmayıb. Şagirdlərin dərsə davamiyyəti məsələsi hər zaman diqqət mərkəzindədir. Bu problem ən çox soyuq aylarda yolların buz bağlaması və ya yollarda yaranan çətinlik zamanı müşahidə olunur".

İdarə müdiri paytaxtdakı məktəb-liseydə yaranan narazılıqlara da aydınlıq gətirib. O bildirib ki, məktəb-lisey kompleksinin direktoru Qafar Hüseynov tədris ilinin başlanmasına az qalmış əməliyyat keçirib və hazırda bu səbəblə işə çıxmır: "Lakin o, hələ də kompleksin direktoru vəzifəsində qalır. Ona görə də valideynlərin narahatlığının heç bir əsası yox idi. Hazırda idarənin əməkdaşı orada direktor vəzifəsini müvəqqəti icra edir".

M. Vəliyeva qeyd edib ki, Q. Hüseynovun xəstəliklə bağlı bülleteninin müddəti barədə onda məlumat yoxdur.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...