5 oktyabr tarixi dünya miqyasında bayram günü kimi qeyd olunur. Söhbət "Müəllimlər günü"ndən gedir. Bu gün müəllimlərimiz üçün əziz gündür - müəllim adını daşıyanlar, bu adın dəyərini bilənlər öz peşə bayramlarını qeyd edir.
Bu günlərdə Ölkə başçısı tərəfindən əməkdar müəllim adına layiq görülən, işgüzar, zəhmətsevər müəllim Müzəyya Zamanova ömrünün 40 ilini tədrisə həsr etdiyini bildirib:
“Müəlliməlikdən öncə elmi sahədə çalışmışam. Lakin ailə vəziyyətim mənə tədris sahəsinə keçməyə məcbur edib. Bundan öncə 212 saylı məktəbdə çalışmışam. 15 ildir ki 160 saylı Klassik Gimnaziyada fəaliyyət göstərirəm. 4 il fizika müəllimi kimi, son 11 ildir ki, gimnaziyada direktor müavini kimi çalışıram. Həyat özü məni bu peşəyə gətirsə də, bu gün müəllimə olduğuma görə fəxr edirəm. Əgər yenidən qarşıma seçim qoyulsa mən yenə də müəllimliyi seçərəm”
Müzəyya müəllimənin sözlərinə görə, bu sahəni seçənlər ilk növbədə uşaqları və peşəsini sevməlidir: “İndiki zamanda müəllim olmaq o qədər də asan deyil. Texnologiyanın inkişafı indiki uşaqları müəllimlərdən bir addım önə çəkir. Belə olan halda müəllimlər onlardan geri qalmamalı, daima öz üzərində çalışıb, müasir tələblərlə uyğunlaşmalıdır. Peşəkar müəllim yalnız ali məktəbi bitirməklə olmur. Bu peşə çalışqanlığı sevir. Biz uşaqlara savaddan öncə onlara əsil vətəndaş kimi böyümələrinə kömək etməliyik”.
Peşə bayramı münasibətilə həmkarlarını təbrik edən əməkdar müəllim onlara səbir arzu edib.
Müəllimlərindən ilham alaraq 35 ildir ki bu peşədə fəaliyyət göstərən Azərbaycan dili və ədəbiyyat müəlliməsi Tamilla Cəlilova söyləyib ki, müəllim olmaq çətin, məsuliyyətli olsa da eyni zamanda şərəflidir: “Bütün uşaqlar orta məktəbdə təhsil alanda öz müəllimlərindən örnək alırlar. Mənim də bu peşəyə marağım elə məktəb yaşlarından başlayıb. Uşaqlar adətən ciddi müəllimələrdən qorxurlar. Mən isə uşaqların sevib hörmət etdiyi müəllimələrdən olmaq istəmişəm. Bunun üçün ilk növbədə uşaqları sevmək lazımdır. Uşağa şəxsiyyət kimi baxılmalı, onun qüruru üstün tutulmalıdır”.
T.Cəlilova üçün əsil müəllim uşaqların gəlişinə sevindiyi, gedişinə isə kədərləndiyi müəllim modelidir: “Müəllim uşaqlara ilk növbədə insanlıq modelini öyrətməlidir. Şagirdlər mədəni insan, layiqli vətəndaş olmalıdırlar. Onlar harada olur-olsun Azərbaycanın adını uca tutmalı, ölkəmizi yüksək səviyyədə təmsil etməlidirlər. Təbii ki, bunları onlara müəllimlər öyrətməlidir. Mənəvi cəhətdən zəngin olan şagirdlər istənilən yerdə uğur qazana bilərlər”.
Həmkarlarına xoş arzularını bildirən Tamilla müəllimə müəllimlərə sevgi dolu qəlb arzu edib.
Bəs görəsən şagirdlərimiz müəllimləri haqqında nə düşünürlər?
Müəllimlərini sevdiyi üçün bu peşə sahəsinə yiyələnəcəyini deyən Həyatova Lalənin fikrincə müəllim Vətənin gələcəyini əlində saxlayan varlıqdır: “Müəllim şagirdlərin fikirlərinə istiqamət verir, gələcəklərinin qurulmasında onlara yardımçı olur. Məktəbi bitirdikdən sonra müəllim olmağı düşünürəm. Çünki müəllimlərimi çox sevirəm. Müəllimlik müqəddəs peşədir. Bizə verdikləri biliyə görə onlara təşəkkür edirəm”.
Müəllimlərini özünə ikinci ana hesab edən Qəhrəmanov Faiq deyib ki, müəllimlər şagirdlərin əsil vətəndaş olmağında, cəmiyyət üçün əsil insan kimi yetişməyində çox böyük rola malikdirlər: “Əsil müəllim şagirdlərinə yaxşı davranan, elmlə bərabər həyatı öyrədən, müəllimdən çox ana kimi rəftar edən bir şəxsdir. Bütün müəllimlərimə can sağlığı arzu edir,onların peşə bayramlarını təbrik edirəm”.
Müəllimlərinə xoş arzularını söyləyən Ağayeva Hökümə onlara onlara can sağlığı, uzun ömür, fəaliyyətlərində uğurlar arzu edib.
Qeyd edək ki, bu gün məktəblərimizdə yüksək qiymətə layiq olan, öz sənətini ürəkdən sevən, yüksək peşəkarlığı ilə fərqlənən, cəmiyyətin onların qarşısında qoyduğu vəzifəni - hərtərəfli biliyə, onları tətbiq edə bilmək qabiliyyətinə, yüksək əxlaqi keyfiyyətlərə malik nəsil tərbiyələndirmək vəzifəsini şərəflə yerinə yetirən müəllimlər çoxdur.
Bayramınız mübarək, əziz müəllimlər!
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB