Balakəndə təhsil sahəsində uğurlar əldə edilib FOTOLAR

Balakəndə təhsil sahəsində uğurlar əldə edilib FOTOLAR

Azərbaycanın sürətli inkişafı, bütün sahələrdə olduğu kimi təhsil sahəsində də özünü göstərir. Bu gün Respublikamızın ən ucqar rayonlarında belə müasir tələblərə cavab verən məktəb binaları inşa olunur. Şagirdlərin keyfiyyətli tədris almaları üçün, məktəblərimiz müasir avadanlıqlarla tam təmin olunmuşdur.

Balakən rayonu da Azərbaycanın sərhəd rayonlarındandır. Bu rayonun təhsil müəssisələri də müasir standartlara cavab verəcək səviyyədədir. Rayon icra hakimiyyətindən aldığımız məlumata görə, ötən tədris ili Balakən rayon təhsili üçün çox uğurlu il olub. Balakən rayon icra hakimiyyəti və Balakən RİH-nin başçısı İslam Rzayev rayon təhsilini həmişə diqqət mərkəzində saxlayır və xüsusi qayğı göstərir.

Ötən tədris ili Balakən rayonunun məzunlarından ali məktəblərə qəbul üçün 301 nəfər sənəd verib, 224 nəfəri tələbə adını qazanmaqla müxtəlif nüfuzlu ali məktəblərə qəbul olunub. Onlardan 13 nəfəri 600-dən, 28 nəfəri isə 500-dən yuxarı bal toplayıb. İki nəfər "Qızlı medal"çı da vardır.

Qeyd edək ki, Balakən rayonundakı ümumtəhsil məktəblərinin 70 faizi 2005-2015-ci illərdə, yeni inşa edilib və yaxud əsaslı təmir olunublar. Bundan əlavə sözügedən məktəblər müasir avadanlıqlarla da təchiz olunub.

Məlum olduğu kimi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ötən ilin oktyabrında regionların sosial-iqtisadi inkişafına dair keçirdiyi müşavirədə deyib ki, 2017-18 illərdə qəzalı vəziyyətdə olan məktəblər modul tipli məktəblərlə əvəz olunmalıdır. Prezidentin bu tapşırığına uyğun olaraq rayonun Sarıbulaq kəndində 40, Salban kəndində 20 şagird yerlik modul tipli məktəb quraşdırılıb. Cari tədris ilinin ilk günündə həmin məktəblərin açılışı olub. Hər iki məktəbin açılışında rayon icra hakimiyyətinin başçısı İslam Rzayev iştirak edərək böyük nitq söyləyib, Azərbaycanda təhsilə dövlət qayğısından danışıb. Rayon rəhbəri öz çıxışında, Təhsil Nazirliyinin sifarişi əsasında inşa olunan bu tipli məktəblərin, ölkəmizdə təhsilə göstərilən Dövlət qayğısının bariz nümunəsi olduğunu xüsusi vurğulayıb.

Balakən RİH başçısı İ.Rzayev 2017-18 tədris ilinin təhsildə keyfiyyət ili elan olunmasına da toxunaraq, cari tədris ilində, tədrislə məşğul olan hər kəsin üzərinə böyük məsuliyyət düşdüyünü deyib.

Balakən təhsilinə Dövlət qayğısı rayonun hər bir təhsil müəssisəsində hiss olunur.

Balakəndə istedadlı şagirdlərin üzə çıxarılması məqsədilə hər il Balakən RTŞ tərəfindən müxtəlif müsabiqələr keçirilir. Belə müsabiqələrdən biri də “Beynəlxalq sülh və əməkdaşlıq fondu” tərəfindən rayon təhsil şöbəsinə daxil olmuş məktub əsasında “Donkixot və Utopiyanın gücü gələcəyi hazırlayacaq” mövzusuna həsr olunmuş müsabiqədir. Müsabiqədə rayonun bütün ümumtəhsil məktəblərindən istedadlı şagirdlər iştirak edib. Münsiflər heyəti tərəfindən Tülü kənd bir saylı tam orta məktəbin səkkizinci sinif şagirdi Gülər Bayramlının əl işi qalib hesab edilib və İspaniyanın Madrid şəhərinə göndərilib. Rəsm işi Madriddən Buenos-Ayresə göndərilib, beynəlxalq sərgidə nümayiş etdirilib və mükafata layiq görülüb. Sülh və əməkdaşlıq adlı QHT tərəfindən Argentinanın paytaxtı Buenos–Ayres şəhərinin Karlos Stip məktəbində Sülh və əməkdaşlıq məktəb mükafatının təqdimat mərasimində, ölkəmizin Argentinadakı səfiri də iştirak edib. Həmin tədbirdə çıxış edən QHT rəhbəri bu müsabiqədə iştirak etmiş ölkələr içərisində Azərbaycanın adını xüsusi vurğulayıb və Azərbaycandan olduqca maraqlı işlərin təqdim olunduğunu qeyd edib.

Qeyd edək ki, müsabiqədə Azərbaycandan dörd nəfər şagirdin əl işi qalib hesab olunmuş onların mükafatları səfirə təqdim edilib. Müsabiqədə iştirak edərək qalib olan şagirdlərdən biri də Balakən rayonunun şagirdidir. Müsabiqədə qalib hesab olunan Gülər Bayramlının mükafatı rayon müəllimlərinin sentyabr konfrasında təqdim edilib.

Əlmaniz Ələkbərli,

SİA-nın Şimal-Qərb bürosu

Bütün xəbərlər Facebook səhifəmizdə