Azərbaycan-Vyetnam müzakirələri aparılıb

Azərbaycan-Vyetnam müzakirələri aparılıb

Vyetnamda səfərdə olan Azərbaycan Respublikası təhsil nazirinin müavini Firudin Qurbanovun rəhbərliyi ilə Bakı Dövlət Universitetinin rektoru Abel Məhərrəmov, Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin rektoru Mustafa Babanlı, nazirliyin və qeyd olunan universitetlərin əməkdaşlarından ibarət nümayəndə heyəti ilə Xoşimin Milli Universitetində olub və bu ali təhsil ocağının rektoru Huynh Thanh Dat ilə görüş keçiriblər. Bu barədə SİA-ya Azərbaycanın Vyetnamdakı səfirliyindən məlumat verilib.

Məlumnata görə, görüşün əvvəlində Azərbaycan nümayəndə heyətini salamlayan Huynh Thanh Dat Azərbaycan ilə Vyetnam arasında təhsil sahəsindəki əlaqələrin zəngin tarixə malik olduğunu qeyd edərək rəhbərlik etdiyi ali təhsil ocağının ölkəmiz ilə sıx əməkdaşlıq etməyə, o cümlədən tələbə-müəllim heyətlərinin qarşılıqlı səfərlərini həyata keçirməyə və müxtəlif layihələri reallaşdırmağa, habelə birgə tədbirləri təşkil etməyə hazır olduğunu bildirib.

Eyni zamanda Huynh Thanh Dat XX əsrin ortalarında minlərlə vyetnamlının Azərbaycanın təhsil ocaqlarında oxuduqlarına toxunaraq, həmin məzunların müharibədən sonrakı Vyetnamın dirçiləşində və bügünkü sürətli inkişafında yaxından iştirak etdiklərini qeyd edib, bu yardımına görə Azərbaycan xalqı və hökumətinə dərin təşəkkürünü izhar edib.

Öz növbəsində F.Qurbanov Azərbaycan ilə Vyetnam arasındakı münasibətlərin təməlinin Vyetnam Prezidenti Xoşimin və müasir Azərbaycan dövlətinin banisi, Ümummilli lider Heydər Əliyev tərəfindən qoyulduğunu xüsusi vurğulayaraq hazırda əlaqələrin hər iki ölkənin rəhbərliyi tərəfindən sürətlə inkişaf etdirildiyini bildirib.

F.Qurbanov 23 sentyabr 2017-ci il tarixində Azərbaycan Respublikası ilə Vyetnam Sosialist Respublikası arasında diplomatik münasibətlərin qurulmasının 25-ci ildönümününün qeyd olunduğunu məmnunluqla qeyd edərək bu əlamətdar hadisə ilə bağlı Vyetnamda təşkil olunmuş tədbirlərdə iştirak etdiyini söyləyib.

F.Qurbanov hər iki ölkənin təhsil ocaqları və elmi mərkəzləri arasında birbaşa əlaqələrin qurulmasının böyük önəm daşıdığına işarə edib. Bu baxımdan F.Qurbanov Azərbaycan tərəfinin, o cümlədən nümayəndə heyətin tərkibində olan Bakı Dövlət Universiteti, həmçinin Dövlət Neft və Sənaye Universitetinin Vyetnam tərəfi ilə sıx əməkdaşlıq etməyə hazır olduqlarını bildirib. Həmçinin F.Qurbanov hər iki ölkənin ali təhsil ocaqlarının iştirakı ilə forumun keçirilməsi ilə bağlı Vyetnamın Təhsil və Təlim Nazirliyi ilə razılığa gəlindiyini qeyd edib.

Eyni zamanda görüşdə çıxış edən Bakı Dövlət Universitetinin rektoru Abel Məhərrəmov zəngin tarixə malik Bakı Dövlət Universitetində XX əsrin ortalarında müxtəlif ixtisaslar üzrə çoxlu sayda vyetnamlının təhsil aldığını bildirib. Abel Məhərrəmov bu kimi zəngin tarixi keçmişə malik olan ölkələr arasında elm və təhsil sahələrində əlaqələrin inkişaf etdrilməsinin zəruriliyini xüsusi vurğulayaraq rəhbərlik etdiyi ali təhsil ocağının Vyetnam tərəfi, o cümlədən Xoşimin Milli Universiteti ilə tələbə-müəllim heyətlərinin mübadiləsinə, təqaüdlərin ayrılmasına, həmçinin birgə layihələrin həyata keçirilməsinə hazır olduğunu qeyd edib.

Tərəflər hər iki xalqın istəyini və dövlətlərin milli maraqlarını nəzərə alaraq, qarşılıqlı fayda əsasında elm və təhsil sahələrində əməkdaşlığın genişləndirilməsinin intensivləşdirilməsinin, habelə sadalanan istiqamətlər üzrə hüquqi bazanın yaradılıb təkmilləşdirilməsinin zəruriliyini xüsusi vurğulayıblar.

Görüş zamanı Xoşimin Milli Universitet və Bakı Dövlət Universiteti geniş təqdimatlar keçiriblər.

Görüşün yekunu olaraq Bakı Dövlət Universiteti ilə Xoşimin Milli Universitet arasında Anlaşma Memorandumu imzalanıb.

Qeyd edək ki, Vyetnamın cənubunda yerləşən Xoşimin Milli Universiteti ölkənin altı aparıcı ali təhsil ocağını özündə birləşdirir və bu universitetin 60000 tələbəsi var.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə