Nazir müavini: "Ali məktəblərdə təhsil alan qızların sayı artıb"

Nazir müavini: "Ali məktəblərdə təhsil alan qızların sayı artıb"

"Son illərdə gender bərabərliyi üzrə aparılan məqsədyönlü tədbirlər nəticəsində ali təhsil müəssisələrində təhsil alan qızların sayında artım müşahidə edilib". SİA-nın xəbərinə görə, bunu bu gün Bakıda Milli Məclis, Avronest Parlament Assambleyasının Sosial məsələlər, Təhsil, Mədəniyyət və Vətəndaş Cəmiyyətləri üzrə komitəsi“, Əhali və İnkişaf üzrə Avropa Parlament Forumunun və BMT-nin Azərbaycandaki ofisinin birgə təşkilatçılığı ilə “Dayanıqlı İnkişaf Məqsədləri üzrə gender bərabərliyinin və qadın sağlamlığının təşviqinə dair Şərq Tərəfdaşlığı Ölkələri Parlamentlərinin cəlb edilməsi” mövzusunda keçirilən konfansda təhsil nazirinin müavini Ceyhun Bayramov deyib.

Onun sözlərinə görə, 2016-2017-ci tədris ilində bakalavr pilləsində təhsil alan 146131 tələbədən 72302 nəfəri qız təşkil edib: "2016-2017-ci tədris ilində magistratura səviyyəsində 11 444 tələbə arasında qız tələbələrinin sayı çoxluq, yəni 6217 nəfər təşkil edir. Respublikanın ümumtəhsil məktəblərində təhsil alan şagirdlərin sayı 1 milyon 473 min nəfər olduğu halda onlardan qızların sayı 677 min nəfər olub. Ölkədəki 167 min 569 müəllimdən isə 132 mini qadındır".

Nazir müavini qeyd edib ki, Azərbaycanda gender məsələsininin müxtəlif məsələlərinə dair bir çox araşdırmalar aparılıb və nəticələr bir çox sahələrdə, o cümlədən təhsil sahəsində tətbiq edilib: "Bütün cəmiyyətlərində olduğu kimi Azərbaycanda da gender stereotiplər mövcuddur. Əksər hallarda insanlar arasında münasibət bu stereotiplər əsasında formalaşır və bu onların peşə seçiminə də təsir göstərir. Bununla bağlı aparılan sorğunun nəticələri də bu fikri təsdiqləyir. Kişilərin 28,1 faizi qadınların isə 37,9 faizi hesab edir ki, qızlar kişi peşələrinə yiyələnməli deyillər. Sorğunun nəticələri göstərir ki, respondentlərin 50 faizi adətən kişilərin işlədiyi peşələrdə qadınların işləməsinin tərəfdarı deyillər. Müzakirələr zamanı respondentlərin əskəriyyəti qadın üçün ən ideal peşənin həkim və müəllimlik olduğunu söyləyirlər”.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə