Abel Məhərrəmov Moskva Fizika-Texniki İnstitutunun dekanını qəbul edib

Bakı Dövlət Universitetinin rektoru, akademik Abel Məhərrəmov Moskva Fizika-Texniki İnstitutunun (MFTİ) Ümumi və tətbiqi fizika fakültəsinin dekanı, professor Mixail Trunini qəbul edib. SİA-nın məlumatına görə, universitetin yaranma tarixindən, inkişaf mərhələlərindən, beynəlxalq əlaqələrindən danışan akademik Abel Məhərrəmov, eyni zamanda, bir çox Assosiasiyalara üzvlüyündən bəhs edib. Ümummilli lider Heydər Əliyevin BDU-nun məzunu və fəxri doktoru olmasını xüsusilə qeyd edən rektor, fəxri doktorlar arasında Rusiya prezidenti Dmitri Medvedevin, MDU-nun rektoru V.A.Sadovniçinin və digər tanınmış şəxslərin olduğunu vurğulayıb. Deyib ki, Bakı Dövlət Universiteti Rusiyanın bir çox ali məktəbləri ilə ikitərəfli əlaqələr qurub və Moskva Fizika-Texniki İnstitutu ilə də ikitərəfli əməkdaşlıqda maraqlıdır.

Mixail Trunin isə təmsil etdiyi institutun Rusiyanın aparıcı təhsil ocaqları sırasında olduğunu bildirib. Qeyd edib ki, hər il bu instituta MDB ölkələrindən çoxsaylı tələbələr daxil olur və onlar azərbaycanlı gənclərin də həmin təhsil ocağında oxumasını arzulayırlar.

Daha sonra iki ali məktəb arasında əməkdaşlıq barədə Anlaşma Memorandumu imzalanıb. Sənəddə tədqiqatçı, aspirant və magistrantların mübadiləsi, BDU-nun tövsiyəsi ilə MFTİ-də keçirilən müsabiqə və qəbul sınaqları əsasında bu institutun bakalavriatura və magistraturasına qəbul, universitetlərin tələbələri tərəfindən MFTİ-nin və BDU-nun elmi-tədris laboratoriyalarında təcrübənin keçirilməsi, birgə layihələr mövzusunda elmi araşdırmalar aparılması, alimlərin və müəllimlərin ixtisaslarını artırma məqsədi ilə təcrübə mübadiləsi, birgə seminar və konfransların təşkili, qarşılıqlı maraq doğuran layihə və proqramlarda birgə iştirak nəzərdə tutulur.

İmzalanma mərasimindən sonra qonaqlar BDU-nun laboratoriyaları və elmi mərkəzlərində olub, xoş təəssüratla ayrılıblar.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...