British Council Azərbaycan ofisinin rəhbəri ADU-da olub

Sentyabrin 28-də British Councilin Azərbaycandakı ofisinin direktoru Paul Klementson və Proqramlar üzrə direktoru Nigar Baimova Azərbaycan Dillər Universitetində (ADU) olub.

Azərbaycan Dillər Universitetinin İctimaiyyətlə əlaqələr və mətbuat xidmətinin rəhbəri Zeynəb Kazımovanın SİA-ya verdiyi məlumata görə, göruşdə ADU-nun Tədris işləri üzrə prorektoru, professor Natiq Yusifov, Beynəlxalq əlaqələr üzrə prorektoru Jalə Qəribova, Təlimdə innovasyalar və Əlavə təhsil kafedrasının müdiri Əmralı Şirəliyev, İngilis dilinin metodikası kafedrasının müdiri Gülnar Hüseynzadə və İnformasiya Resurs Kompleksinin (İRK) direktoru Şəhla Xudiyeva iştirak edib.

Tədbirdə British Council ilə əməkdaşlıqdan , universitetlərarası əlaqələrin qurulmasından danışılıb. ADU-nun Tərdris işləri üzrə prorektoru, professor Natiq Yusifov və Beynəlxalq əlaqələr üzrə prorektoru Jalə Qəribova ingilis dilinin keyfiyyətinin artırılmasında British Council ilə əməkdaşlığın daha da gücləndirilməsinin vacib olduğunu bildiriblər.

İngilis dilinin metodikası kafedrasının müdiri Gülnar Hüseynzadə isə deyib ki, British Council ilə əməkdaşlıq zəruridir: "Biz tələbələrə ingilis dilini mükəmməl şəkildə öyrətmək istəyirik. Buna görə də British Councilin bizə bu işdə köməklik göstərməsini istərdik".

Görüş zamanı müzakirə edilən məsələlərdən biri də kitabxana profilinin daha da genişləndirilməsi olub. Bundan başqa British Councilin direktoru Paul Klementson bir çox layihələrin keçirilməsinin məqsədəuyğun olduğunu bildirib.

Tədbirin sonunda qonaqlar ADU-nun İnformasiya Resurs Kompleksi ilə tanış olublar. İRK-nın direktoru Şəhla Xudiyeva qonaqlara kompleks və orada olan mərkəzlər haqqında məlumat verib.

Şəhla Xudiyeva kompleksdə olan tədbirlər barəsində danışıb və tədbirlərdə British Councilin nümayəndə heyətinin də iştirakından məmnun olacaqlarını bildirib.

Xatırladaq ki, ötən ilin oktyabrın 23-də Azərbaycan Dillər Universiteti (ADU) ilə British Council arasında qarşılıqlı əməkdaşlıq haqqında müqavilə imzalanıb. Müqaviləyə əsasən British Council kitab fondunu ADU-ya hədiyyə edib.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...