Bakı Slavyan Universiteti ilə Türkiyənin Qazi Universiteti arasında əməkdaşlıq müqaviləsi imzalandı - TƏDBİR

Bu gün Bakı Slavyan Universiteti ilə Türkiyənin Qazi Universiteti arasında əməkdaşlıq müqaviləsinin imzalanma mərasimi keçirilib. SİA-nın xəbərinə görə, imzalanma mərasimində çıxış edən BSU-nun rektoru Kamal Abdulla Azərbaycanla Türkiyə arasında hər zaman tarixi əməkdaşlıq dostluq və qardaşlıq əlaqələrinin mövcud olduğunu bildirib. O vurğulayıb ki, Bakı Slavyan Universitetinin beynəlxalq əlaqələri yüksələn xətlə inkişaf etməkdədir. Bu gün BSU-nun dünyanın bir çox tanmmış təhsil ocaqları ilə sıx əlaqələrinin mövcud olduğunu deyən K.Abdulla qeyd edib ki, bunlardan biri də Türkiyə istiqaməti üzrə müxtəlif orijinal proyektlərin həyata keçirilməsi və sıx əlaqələrin dahada güclənməsi ilə bağlıdır.

"Bu əlaqələr zəminində Bakı Slavyan Universiteti artıq Türkiyə Respublikasının Qafqaz Universiteti (Kars), Ankara Universiteti (Ankara), Akdeniz Universiteti (Antalya), İstanbul Kültür Universiteti (İstanbul), Qazi Universiteti (Ankara) və digər samballı təhsil və elm ocaqları ilə əməkdaşlıq edir. Qazi Universiteti ilə BSU arasındä 2005-ci ildə qarşılıqlı əməkdaşlıq müqavilə imzalanıb. Bu universitetində 70 mindən çox tələbə təhsil alır, 4 min müəllim isə fəaliyyət göstərir. Ötən illər ərzində mövcud muqavilə məhsuldar olub, iki universitet arasında elm, təhsil, mədəniyyət sahəsində daha yüksək əlaqələrin qurulmasma, tələbə-müəllim mübadiləsi, müştərək elmi konfransların, seminarların təşkil olunması üçün əsas rolunu oynayıb. Bağlanmış müqavilə standart əməkdaşlıq müqaviləsi deyil. Bu müqaviləyə əsasən elm və təhsil sahəsində əməkdaşlıqla bərabər Bakı Salvyan Universitetinin professor-müəllim kollektivinin Qazi Universitetinin tərkibində fəaliyyət göstərən, dünya standartlarına cavab verən, son texnologiyalarla təhciz edilmiş tibbi klinikada pulsuz müalicə alması da nəzərdə tutulub", - deyə o əlavə edib.

Daha sonra çıxış edən Qazi Universitetinin rektoru Rıza Ayhan universitetin bu dəfəki gəlişin məqsədi artıq vaxtı bitmiş müqaviləni yeniləmək, yeni əlavələr etməklə Bakı Slavyan Universiteti ilə əməkdaşlığın növbəti yüksək pilləsinə qalxmaq idi. O bildirib ki, Azərbaycanla Türkiyə arasında dostluq əlaqələrinin dərinləşməsi üçün əlavə dəstəklərə, birgə işlərə ehtiyac var: "Ölkələr arasında dostluq körpələrinin qurulması üçün iqtisadi, ticari əlaqələr çox vacibdir. Ancaq iki ölkə arasında təhsil və mədəniyyət əlaqələri qurulsa, daha da genişlənsə iqtisadi, ticari münasibətlər də öz həllini tapacaq".

Tədbirin davamında Bakı Slavyan Universiteti ilə Türkiyənin Qazi Universiteti arasında əməkdaşlıq müqaviləsinin imzalanması olub. Müqaviləni BSU-nun rektoru Kamal Abdulla və Türkiyənin Qazi Universitetinin rektoru Rıza Ayhan imzalayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə