500-dən yuxarı bal toplayan gənclərdən 1500-ü BDU-nu seçib

500-dən yuxarı bal toplayan gənclərdən 1500-ü BDU-nu seçib

Bu il Bakı Dövlət Universitetinin (BDU) bakalavriat səviyyəsinə (BDU-nun Qazax filialı da daxil olmaqla) 5 min 100, magistratura səviyyəsinə 700 gənc qəbul edilib.

Universitetdən verilən məlumata görə, qəbul imtahanlarında 600 və daha yüksək bal toplayan gənclərdən 390-ı, 500-700 arası bal toplayan gənclərdən isə 1500-ü Bakı Dövlət Universitetini seçib. Bu göstərici ötən tədris ili ilə müqayisədə 204 nəfər çoxdur. Eyni zamanda, III ixtisas qrupu üzrə 700 bal toplayan iki nəfərin seçimi də BDU olub. Riyaziyyat, hüquq, Azərbaycan dili və ədəbiyyatı, tarix, iqtisadiyyat, dövlət və ictimai münasibətlər ixtisaslarına qəbul imtahanlarında 500-dən yuxarı bal toplayan gənclər qəbul olunub.

Hazırda BDU-nun 17 fakültəsində bakalavriat səviyyəsində 65, magistratura səviyyəsində 43 ixtisas və 210 ixtisaslaşma üzrə kadr hazırlığı həyata keçirilir. Universitetin “SABAH” qruplarında təhsil alan tələbələrin sayı 172 nəfərdən 250 nəfərə qədər artıb. Bu qruplara 10 ixtisas üzrə qəbul aparılıb və onlardan psixologiya və biologiya müəllimliyi yeni ixtisaslardır. Ümumilikdə, BDU-nun “SABAH” qrupları tələbələrinin sayı 595 nəfərdir.

BDU-da təhsil alan tələbələrin təlim-tərbiyəsi ilə 3 mindən çox əməkdaş, o cümlədən 1500 professor-müəllim məşğul olur. Cari ildə BDU-nun Qazax filialına 13 ixtisas üzrə tələbə qəbulu aparılıb. Bu il filiala Bakı şəhəri də daxil olmaqla, 54 şəhər və rayondan 400 tələbə qəbul olunub. Ümumilikdə, filialda təhsil alan tələbələrin sayı 700 nəfərdir.

Bütün xəbərlər Facebook səhifəmizdə