Naxçıvanda ənənəvi məktəbli yarmarkaları təşkil olunub

Naxçıvanda ənənəvi məktəbli yarmarkaları təşkil olunub

Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin və İqtisadiyyat Nazirliyinin təşkilatçılığı ilə Naxçıvan şəhərindəki mərkəzi bazarda ənənəvi məktəbli yarmarkası təşkil olunub.

Bu münasibətlə keçirilən tədbirdə Naxçıvan Muxtar Respublikası Ali Məclisi Aparatının humanitar siyasət məsələləri və ictimai təşkilatlarla iş şöbəsinin müdiri Rəhman Məmmədov çıxış edib. O, muxtar respublika rəhbərinin tapşırığına əsasən, bu gündən etibarən Naxçıvan şəhərində və rayonlarda məktəbli yarmarkalarının fəaliyyətə başladığını deyib. Bildirib ki, bu qəbildən yarmarkaların təşkil edilməsi artıq ənənə halını alıb. Yarmarkalar yeni tədris ili ərəfəsində şagirdlərin məktəbli geyimlərinə və dərs ləvazimatlarına olan ehtiyaclarının daha asan şəkildə təmin edilməsində mühüm rol oynayır.

Qeyd edilib ki, muxtar respublikada sahibkarlar üçün yaradılmış əlverişli şəraitin nəticəsində daxili bazarda yerli istehsalın çəkisi ildən-ilə artır. Sevindirici haldır ki, bu, məktəbli geyimlərinin istehsalında da özünü göstərir. Muxtar respublikada məktəbli geyimlərinə olan tələbat tam olaraq yerli istehsal hesabına ödənilir. Bu gün təşkil edilən məktəbli yarmarkalarında da muxtar respublikada istehsal olunmuş məktəbli geyimləri əhaliyə təklif edilir. Yarmarkalar Naxçıvan şəhərində və rayonlarda sentyabrın 15-dək fəaliyyət göstərəcək.

Tədbirdə Naxçıvan Muxtar Respublikasının iqtisadiyyat naziri Famil Seyidov, təhsil naziri Məmməd Qəribov və Naxçıvan Şəhər İcra Hakimiyyətinin başçısı Vüqar Səfərov çıxış ediblər. Çıxışlarda qeyd edilib ki, bu gün muxtar respublikada məktəbli geyimləri, köynək, ayaqqabı istehsalı olmaqla 4 yüngül sənaye müəssisəsi fəaliyyət göstərir. Cari ildə 3-ü istehsal müəssisəsi olmaqla 21 sahibkarlıq subyektinin iştirak etdiyi yarmarkada dərs ləvazimatları, məktəbli və idman formaları, məktəbli çantası və ayaqqabıları alıcılara münasib qiymətlərlə təklif olunur. Yarmarkada ayrı-ayrı fənlər üzrə əyani vəsaitlərin satışına da geniş yer ayrılıb. Burada satılan lüğət və digər nəşrlərə, dünya uşaq ədəbiyyatı nümunələrinə, bədii və elmi ədəbiyyata alıcılar böyük maraq göstərirlər.

Sonra yarmarkaya gələnlər satışa çıxarılan məhsullarla tanış olublar. Satış yerlərinin hər birində məhsulların çeşid zənginliyi, keyfiyyəti, satış qiymətlərinin əlverişli olması, xidmətin təşkili alıcılar tərəfindən razılıqla qarşılanıb.

Valideynlər belə yarmarkaların təşkil olunmasına görə muxtar respublika rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.

Bütün xəbərlər Facebook səhifəmizdə