Test imtahanını hansı üsul əvəz edə bilər? EKSPERT RƏYİ

Test imtahanını hansı üsul əvəz edə bilər? EKSPERT RƏYİ

Bildiyiniz kimi, bir neçə gün öncə Dövlət İmtahan Mərkəzinin direktorlar şurasının sədri Məleykə Abbaszadə iki il sonra buraxılış və qəbul imtahanlarında yeni modelin tətbiq ediləcəyi ilə bağlı açıqlama verib. Açıqlamada M. Abbaszadə qeyd edib ki, gələn ilki abituriyentlər axırıncı dəfə test formasında imtahan verəcəklər.

DİM rəsmisi əlavə edib ki, hazırda yeni imtahan modelləri üzərində müzakirələr aparılır, dəyişikliklər haqqında sentyabr ayında ictimaiyyətə məlumat veriləcək. Bəs görəsən test üsulunu başqa nə ilə əvəz etmək olar və testin ləğvi təhsilimizə nə verəcək?

“Test üsulu ilk illərdə uğur əldə etsə də, son illər uğursuzluqları ilə yadda qalıb”

Məsələ ilə bağlı SİA-ya açıqlama verən təhsil üzrə ekspert Əjdər Ağayev sözlərin görə, artıq 25 ildir ki tətbiq olunan test üsulu vaxtını bitirib: “ Bu üsul tətbiq olunduğu ilk illərdə uğur əldə etsə də, son illər uğursuzluqları ilə yadda qalıb. Uğursuzluq qəbulla deyil, ümumtəhsil məktəblərinin işinə mənfi təsir göstərməsi ilə bağlıdır. Yəni qruplar üzrə ali məktəbə hazırlaşan uşaqlar onlar üçün əsas olan fənn üzrə hazırlaşdığı üçün digər fənlərdən kənarda qaldılar. Bu da onların birtərəfli, görüşsüz, məlumatsız olaraq yalnız test suallarına cavab verməklə ali məktəbə daxil oldular. Belə vəziyyətdə bir çox tələbələr ali məktəbdə çətinliklərlə qarşılaşmağa başladılar. Çünki, bir çox tələbələrdə yazı, danışıq nitqi yoxdur. Bu məsələ son bir neçə ildə böyük narahatlığa səbəb olur və artıq test üsulunun təşkil edənlərin özlərini də düşündürməyə başlayıb”.

“ Qəbul imtahanlarında dünya təcrübəsindən istifadə etmək olar”

Ə. Ağayev bildirib ki, əgər biz işimizi dünyanın qabaqcıl ölkələrinin təcrübəsi ilə əlaqələndiririksə, o zaman qəbul imtahanlarında da dünya ölkələrində mövcud olan səmərəli formalardan istifadə edə bilərik: “Hətta elə ölkələr var ki, orada qəbul imtahanı keçirilmir. Orta məktəbin nailiyyətləri elektron sənədlərdə əks olunur və abituriyent həmin sənədləri istədiyi bir neçə ali məktəbə göndərə bilir. Daha sonra abituriyent seçildiyi ali məktəbin müsahibəsində iştirak etməklə tələbə adını qazanmış olur. Bir çox ölkələrdə ali məktəblərdə təhsil üçün qapılar genişdir, lakin oxumaq çox çətindir. Misal üçün 200 tələbədən yalnız 150-si ali məktəbi vaxtında bitirə bilir, 50 nəfəri isə 4 ilə deyil, 5-7 il müddətində bitirir”.

“Abituriyentlərin ilk növbədə yazılı nitqi olmalıdır”

Ekspert qeyd edib ki, bundan əlavə bəzi ölkələrin təcrübəsində abituriyentlərin ilk növbədə yazılı nitqi öyrənilir: “ Belə ki abituriyentlər məzmunlu esse yazmaqla fikirlərini ifadə edə bilirlər. Dünya təcrübəsində riyaziyyat, fizika üzrə biliklərin yadda qalma səviyyəsi deyil, onun təfəkkür, mülahizə, analiz səviyyəsi müəyyənləşdirilir. Çünki konkret biliyi istənilən dərslikdən oxuyub öyrənmək mümkündür, amma təfəkkürün inkişafı, yaradıcılıq qabiliyyətlə bağlı olan məsələdir. Əgər abituriyentdə bu qabiliyyət varsa, o zaman digər bilikləri də öyrənə bilər”.

“Elə mexanizm təşkil olunmalıdır ki, burada şagirdlərin düşüncəsi, təfəkkür yaradıcılığı, mülahizə qabiliyyəti, sərbəstliyi, əsas qanunauyğunluqlar üzrə bilikləri meydana çıxsın”

Ə. Ağayev hesab edir ki, qəbul imtahanlarında test üsulunun ləğvi zamanın tələbidir və ağıllı yanaşmadır: “Lakin elə mexanizm təşkil olunmalıdır ki, burada şagirdlərin düşüncəsi, təfəkkür yaradıcılığı, mülahizə qabiliyyəti, sərbəstliyi, əsas qanunauyğunluqlar üzrə bilikləri meydana çıxsın. Burada imtahanın şəffaf, obyektiv, ədalətli keçirilməsi də önəmlidir. Test üsulunda yalnız bir prinsip xoşuma gəlir ki, bu da imtahanların şəffaf və obyektiv keçirilməsidir. Maddi imkanlarından asılı olmayaraq, yüksək təhsil səviyyəsi göstərən hər bir məzun ali məktəbə qəbul oluna bilir. Bunun özü böyük nailiyyətdir. Amma testin yarımçıq insan formalaşdırması bu üsulun minusudur. Bu baxımdan da obyektivliyi, şəffaflığı təmin etməklə qəbul imtahanlarında elə forma tətbiq olunmalıdır ki, burada ilk şərt hər bir abituriyentin yazı, fikri ifadə etmək qabiliyyəti, daha sonra isə onun şifahı nitqinin yoxlanması olsun. İndiki test imtahanlarında vətəndaş mövqeyi yoxdur. Hazırkı abituriyentlərimiz ölkə Konstitusiyasından xəbərsizdirlər. Bu baxımdan Azərbaycan vətəndaşının həm intellektual, həm ideoloji, həm estetik, həm fiziki, həm də siyasi görüşlərini yüksəltmək üçün qəbul imtahanlarında yeni forma tətbiq olunmalıdır”.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə