Hamlet İsaxanlı: “Mən özüm rektor təyin edib, onları işdən azad edə bilərəm”

Hamlet İsaxanlı: “Mən özüm rektor təyin edib, onları işdən azad edə bilərəm”
Bu gün Xəzər Universitetinin təsisçisi-qurucusu, Direktorlar və Qəyyumlar Şurasının sədri, prof. Hamlet İsaxanlı universitetə yeni rektor təyin olunması məsələsinə aydınlıq gətirmək məqsədilə mətbuat konfransı keçirib. SİA-nın xəbərinə görə, tədbirdə çıxış edən H.İsaxanlı bildirib ki, hazırda Xəzər Universiteti öz sistemini qurub və öz xarakteri ilə seçilən, dayanıqlı ənənəyə malik çiçəklənən təhsil kompleksidir.

"Xəzər Universitetinin təsisçisi kimi bu il ali məktəbin Direktorlar və Qəyyumlar Şurasını qurmağa başladım. Özüm daha çox strateji inkişafla məşğul olmaq niyyətindəyəm. İndiyədək bunu universitetə gündəlik rəhbərlik etməklə aparmışam. Əsas istəyim Xəzər Universitetini Azərbaycanda, geniş bölgədə və beynəlxalq aləmdə daha yüksəklərə qaldırmaqdır. Bu şuranı yaratmaq və onu yönəltməklə yanaşı universitetin birbaşa idarə edilməsinə rəhbərlik edə bilən enerjili, təşəbbüskar və işgüzar yeni rektor axtarmağa başladım", - deyə o əlavə edib.

Azərbaycanda universitetlərə rektorun təyin edilməsi və ya vəzifəsindən azad edilməsinin 1 dəqiqəlik iş olduğunu deyən H.İsaxanlı vurğulayıb ki, dünya universitetlərində isə rektor təyin etmək üçün 1 il vaxt sərf olunur. Onun sözlərinə görə, bütün bunları nəzərə alaraq 2010-cu ilin yanvarında ali təhsil müəssisəsində yüksək idarəetmə təcrübəsi olan, bu zamanda iri və mürəkkəb təşkilatı əldə saxlayıb irəli apara bilən, orta və uzun vədəli böyüməni stimullaşdıra bilən rektor axtarışı élan etdim: "Bu qərarım universitet daxilində də düzgün başa düşülmədi. Universitetin saytında rektor qəbulu ilə bağlı elan verildi və bununla bağlı dünyanın 15-ə yaxın ölkəsindən 38 namizəd müraciət etdi. Namizədlər arasında ən layiqlisi olan professor Con Rayder Xəzər Universitetinin rektoru təyin olundu. O, SUNY-NewYork dövlət universiteti kampuslarının birində departament (kafedra) müdiri, beynəlxalq əlaqələr mərkəzinin direktoru və dekan vəzifələrində çalışıb. Sentyabrın 1-dən etibarən J.Rayder Xəzər Universitetinin rektoru vəzifəsinin icrasına başlayıb. Onun Azərbaycanda və dünyanın müxtəlif ölkələrində fəaliyyət göstərən tərədaşlarımızla yaxın əlaqələr quracağına, yeni fəaliyyət və əməkdaşlıq proqramları üzərində çalışacağına inanıram".

Xarici ölkələrin ali məktəblərində Direktorlar və Qəyyumlar Şurasının fəaliyyət göstərdiyini deyən H.İsaxanlı Azərbaycan universitetlərində bunun olmamasını mənfi hal kimi qiymətləndirib. Artıq Xəzər Universitetində bu şuranı yaratdığını deyən H.İsaxanlı bildirib ki, universitetin təsisçisi olmaqla bərabər, həm də şuraya sədrlik edəcək. Onun sözlərinə görə, səlahiyyətləri çərçivəsində H.İsaxanlı universitetə rektor təyin edib, onları işdən azad edə bilər: "Xəzər Universitetinin yeni rektoru C. Rayderlə 2 illik müqavilə imzalanıb. Amma bu müddət bitdikdən sonra onun fəaliyyətindən asılı olaraq uzadıla da bilər. Bundan sonra Xəzər Universitetinə rektor seçilməsi müsabiqə yolu ilə aparılacaq. Özümün isə yenidən rektor vəzifəsinə qayıtmaq fikrim yoxdur. Məni kiminsə işdən çıxardığını deyirlər. Amma bunların heç bir əsası yoxdur. Məni kimsə işdən çıxara bilməz, əksinə mən özüm rektor təyin edib, onları işdən azad edə bilərəm".

J.Rayder isə çıxışında universitetə ABŞ maraqlarını deyil, beynəlxalq maraqları gətirmək istədiyini deyib. Fəaliyyəti dövründə 2 məqsədi əsas tutacağını deyən yeni rektor qeyd edib ki, bunlara universitetdə kadr potensialının gücləndirilməsi və təhsilin keyfiyyətinin artırılması daxildir.

Tədbirin davamında Xəzər Universitetinin təsisçisi-qurucusu, Direktorlar və Qəyyumlar Şurasının sədri, prof. Hamlet İsaxanlı və universitetin yeni rektoru Jo Rayder jurnalsitlərin suallarını cavablandırıb.

Bütün xəbərlər Facebook səhifəmizdə