Oqtay Şirəliyev Ümumdünya Səhiyyə Təşkilatı Avropa Regional Komitəsinin 60-cı sessiyasında iştirak edib

Oqtay Şirəliyev Ümumdünya Səhiyyə Təşkilatı Avropa Regional Komitəsinin 60-cı sessiyasında iştirak edib

Azərbaycan Respublikasının səhiyyə naziri Oqtay Şirəliyev 12-16 sentyabr 2010-cu il tarixlərdə Rusiya Federasiyasının Moskva şəhərində keçirilən Ümumdünya Səhiyyə Təşkilatı Avropa Regional Komitəsinin 60-cı sessiyasında iştirak edib.

SİA-nın məlumatına görə, 53 ölkəni özündə birləşdirən Avropa qitəsinin və MDB məkanının dövlətlərinin qatıldığı sessiyada bu ölkələrin Səhiyyə Nazirlərindən başqa bir sıra nüfuzlu beynəlxalq təşkilatların yüksək vəzifəli nümayəndələri də iştirak ediblər.

Azərbaycan Respublikası 2012-ci ilə qədər ÜST Avropa Regional Komitəsinin idarəedici orqanı olan Daimi Komitənin üzvü olduğu üçün 60-cı sessiya ərəfəsində 12 sentyabr 2010-cu il tarixdə Daimi Komitənin növbəti 17-ci çağırışının 6-cı sessiyasında iştirak edib. İclasda Daimi Komitənin proqram və gündəliyinin təsdiqi, Daimi Komitənin 5-ci sessiyasının hesabatının qəbul edilməsi, ÜST Avropa Regional Komitəsinin 60-cı sessiyasının proqramının müzakirəsi, ÜST-nın qurum və komitələrinə üzvülük, namizədlərin verilməsi, 2010-2011-ci illər üçün Daimi Komitənin 18-ci çağırışına dair planın layihəsi, habelə Daimi Komitənin sədr müavinin seçilməsi kimi məsələlər müzakirə olunub.

13 sentyabr 2010-cu il tarixdə ÜST Avropa Regional Komitəsinin 60-cı sessiyası öz işinə başlayıb.

Sessiyada Avropa məkanında səhiyyə sahəsində tərəfdaşlıq məsələlərinə dair ÜST rəhbərliyi Vaksinasiya və İmmunlaşma Alyansının təqdimatına istinad edərək ən uğurlu layihələrin Azərbaycanda həyata keçdiyini bildirilib. Məsələyə dair Azərbaycanın məruzəsi dinlənilib.

Avropa məkanında ətraf mühit və səhiyyə məsələlərinə dair Daimi Komitə adından məruzənin edilməsi Azərbaycana həvalə edilib. Məsələyə dair Nazirlər Paneli keçirilib.

Səhiyyə naziri Oqtay Şirəliyevin sessiyadakı dəvət nitqi ilə çıxışından sonra Azərbaycana aid qısa video film nümayiş etdirilib.

Nazir O. Şirəliyev sessiya ərəfəsində bir sıra rəsmi görüşlər də keçirib. Rusiya Federasiyasının Səhiyyə və Sosial İnkişaf Naziri xanım Tatyana Qolikova və Nazirliyin məsul nümayəndələri ilə keçirilən görüşdə səhiyyə və tibb elmi sahəsində ölkələrimiz arasında əməkdaşlıq əlaqələrinin vəziyyəti və gələcək perspektivləri müzakirə edilib.

Azərbaycan nümayəndə heyətinin rəhbəri ÜST Baş Direktoru Dr. Marqaret Çanın dəvəti ilə Nazirlər iclasında da iştirak edib.

İclasda H1N1 pandemiyasına qarşı mübarizə tədbirləri, habelə Baş direktorun sessiyada məruzəsi ətrafında müzakirələr aparılıb. Oqtay Şirəliyev həmçinin ÜST Avropa Regionu üzrə direktoru Dr. Jujanna Yakab ilə görüşüb.

Belarus Respublikasının Səhiyyə Naziri Vasili Jarko ilə görüşdə nazirliklərimiz arasında imzalanmış sazişə dair görülmüş işlər və yeni təkliflər irəli sürülüb. Belə ki, Azərbaycanda Müharibə Veteranları Xəstəxanasında Belarus vətəndaşlarının və mübadilə əsasında Azərbaycanlı xəstələrin Belarus Respublikasında müalicəsi imkanları müzakirə edilib.

Azərbaycanın nümayəndə heyəti Rusiya Federasiyasının Akademik B. Petrovski adına Elmi Cərrahiyyə Mərkəzində Akademik Valeriy Sandrikovla da görüş keçirib.

Görüşdə Azərbaycan və Rusiya tibb təhsil ocaqları arasında birbaşa əlaqələrin daha da inkişaf etdirilməsi, habelə Mərkəzin professor müəllim heyətinin Azərbaycana mütəmadi elmi praktiki səfərlərinin təşkili məsələləri müzakirə edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə