Lənkəran Dövlət Universitetində “Məzun günü” FOTOLAR

Lənkəran Dövlət Universitetində (LDU) keçirilən “Məzun günü”ndə duyğulu anlar yaşayan tələbələr təhsil aldıqları ali təhsil müəssisəsi ilə vidalaşıblar. Mərasimdə LDU-nun rektoru vəzifəsini icra edən riyaziyyat üzrə elmlər doktoru, professor Natiq İbrahimov çıxış edərək məzunları, ali təhsil müəssisəsinin professor və müəllim heyətini əlamətdar gün münasibətilə təbrik edərək onlara ən xoş arzularını çatdırıb.

İnsan həyatında elm və təhsilin əvəzsiz rol oynadığını vurğulayan N.İbrahimov bildirib ki, bu il universiteti 533 məzun bitirib. LDU-nun məzunları magistratura imtahanlarında respublika üzrə yüksək göstəricilərə nail olublar. Lənkəran Dövlət Universiteti ölkəmizin ali məktəbləri arasında öncül sırada qərarlaşıb.

Lənkəran Şəhər İcra Hakimiyyəti başçısının birinci müavini Möhübbət Babayev məzunlara qazandıqları bilikləri həyatda uğurla reallaşdırmağı, ölkəmiz üçün dəyərli vətəndaş, bacarıqlı mütəxəssis olmağı tövsiyə edib.

LDU-nun əvvəlki buraxılış ilinin məzunlarından Murad Katifeçi, Lənkəran Humanitar Kollecinin direktoru Ruslan Həmidov, universitet valideynlər şurasının sədri Sərhad Məmmədov məzunları əlamətdar gün münasibəti ilə təbrik edib, onları təhsil aldıqları tədris ocağının adını daim uca tutmağa, gələcəyimizin layiqli qurucuları olmağa səsləyiblər.

Məzunların doğma universitetə və sevimli müəllimlərə minnətdarlıq duyğularını Aylin Məmmədova çatdırıb. O, LDU-da təhsil alan məzunların layiqli kadrlar kimi yetişməsində zəhməti olan hər kəsə minnətdarlığını bildirib.

Tədbirdə təhsili müvəffəqiyyətlə başa məzunlara fərqlənmə diplomları, LDU-nun ictimai-siyasi həyatında fəal iştirak edən məzunların bir qrupuna isə diplomlar verilib.

“Məzun günü”ndə, həmçinin magistraturaya yüksək balla qəbul olunan məzunlar fəxri fərmanlarla mükafatlandırılıb, 28 May-Respublika Günü münasibətilə PRESTİJ-S tədris mərkəzinin LDU ilə birgə keçirdiyi məntiq olimpiadasının qaliblərinə qiymətli hədiyyələr, qarışıq döyüş növləri üzrə bölgə turnirinin qalib olan LDU komandasına kubok təqdim edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə