"Formativ və Summativ Qiymətləndirmə" mövzusunda seminar keçirilir (YENİLƏNİB)

"Formativ və Summativ Qiymətləndirmə" mövzusunda seminar keçirilir (YENİLƏNİB)

Bu gün Bakı Şəhəri üzrə Təhsil İdarəsinin təşkilatçılığı ilə Avropa Komissiyasının TAİEX proqramı çərçivəsində "Formativ və Summativ Qiymətləndirmə" mövzusunda seminar işə başlayıb. SİA-nın xəbərinə görə, seminarda Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri Məhəbbət Vəliyeva, BŞTİ-nin müvafiq struktur bölmə rəhbərləri, Azərbaycan Respublikası Təhsil İnstitutunun direktoru Emin Əmirullayev, İngiltərə və Finlandiyadan olan təhsil ekspertləri Koivula Pirjo, Koivosto Merja, Mark Frazer, paytaxtın ümumi təhsil müəssisələrinin direktorları və müəllimlər iştirak edir. İki günlük seminarın keçirilməsində məqsəd təhsil sahəsində beynəlxalq əlaqələri genişləndirmək və qarşılıq əməkdaşlıq çərçivəsində ümumi təhsilin inkişafını daha da sürətləndirməkdən ibarətdir.

Seminarda ilk çıxış edən BŞTİ-nin müdiri Məhəbbət Vəliyeva qonaqları salamlayaraq, beynəlxalq əməkdaşlıq çərçivəsində ümumi təhsilin inkişafına dair görüşlərin, seminarların təşkilinin əhəmiyyətindən bəhs edib.

O, təhsilin inkişafı üçün təcrübə mübadiləsinin vacib olduğunu vurğulayıb. Seminarda 12 inzibati rayon üzrə 40 məktəbdən 2 nümayəndənin iştirak etdiyini deyən idarə müdiri bildirib ki, seminara dəvət olunan müəllimlər əsasən Azərbaycan dili və riyaziyyat müəllimləridir: "Seminar beynəlxalq təcrübənin öyrənilməsində əhəmiyyətlidir. Ümid edirəm ki, burada iştirak edən müəllimlər həm özləri bu təcrübədən yararlanacaq, həm də əldə etdiklərini həmkarları ilə bölüşə biləcəklər. Seminarın işinə uğurlar arzu edirəm".

Daha sonra seminarda çıxış edən Təhsil institutunun direktoru Emin Əmrullayev məktəblərdə summativ qiymətləndirmə ilə bağlı hələ də müəyyən problemlərin olduğunu dilə gətirib.

Seminarın problemlərin öyrənilməsi və onların həlli istiqamətində mühüm olduğunu dilə gətirən E. Əmrullayev qeyd edib ki, tədbirdə səslənən təklif və problemlərin müzakirəsi əsasında bu yay ərzində qiymətləndirmə haqqında təlimata müəyyən dəyişiklərin edilməsi nəzərdə tutulur.

Daha sonra çıxış edən qonaqlar BŞTİ ilə əməkdaşlıqdan məmnun olduqlarını bildirib, təhsil əlaqələrinin ölkələrarası münasibətlərin inkişafında mühüm əhəmiyyət daşıdığını qeyd ediblər.

Seminarda iştirakçılar qiymətləndirmə sahəsi üzrə rubriklərin hazırlanması, "İtem Response Theory" və " Rasch" modelləri barədə ətraflı məlumat əldə edib, eləcə də sözügedən sahə üzrə beynəlxalq təcrübə ətrafında müzakirə aparıblar.

Həmçinin seminar zamanı müəllimlər ümumi təhsil məktəblərində təhsil alan şagirdlərin bilik və bacarıqlarının müvafiq standarlara uyğun qiymətləndirilməsi barədə beynəlxalq təcrübə ilə tanış olmaq imkanı qazanıblar.

Qeyd edək ki, seminar iyunun 30-da öz işini başa çatdıracaq.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə