Azərbaycan alimi İsveçdə sümük və oynaq xəstəliklərinin müasir müalicəsi ilə bağlı mühazirələr oxuyub
İsveçin Qotenburq şəhərində Beynəlxalq Travmatologiya və Ortopediya Cəmiyyətinin növbəti konfransı başa çatıb. AzərTAc-ın xüsusi müxbiri Sabir Şahtaxtının Tehrandan SİA-ya verdiyi məlumata görə, konfransda 80 ölkədən 1000-ə yaxın mütəxəssis iştirak edib. Alimlər dörd gün ərzində anadangəlmə və sonradan qazanılmış sümük və oynaq xəstəliklərinin müasir müalicəsi ilə bağlı fikir mübadiləsi aparıb, bu sahədə beynəlxalq təcrübənin yayılması yollarını müzakirə ediblər.
Akademik İlizarov adına Rusiya Travmatolojiya və Ortopediya Elmi Mərkəzinin Tehranda yerləşən Yaxın Şərq üzrə nümayəndəliyinin rəhbəri, həmyerlimiz, professor Hüseynəli İsmayılov iştirakçılara "Aşağı ətraf sümüklərinin yalançı oynağı və qüsurlarının İlizarov metodu ilə müalicəsi", "Anadangəlmə və qazanılmış əl patologiyası olan xəstələrin eksternal fiksotop metodu ilə bərpa olunması" və "Pəncənin və baldır-ayaq oynaqlarının potologiyasının müasir müalicə metodları ilə aradan qaldırılması" mövzularında mühazirələr oxuyub.
Professor H.İsmayılovun verdiyi məlumata görə, konfrans çərçivəsində dünyanın aparıcı səhiyyə şirkətlərinin istehsal məhsullarından ibarət geniş sərgi təşkil edilib. Sərgidə "LINK", "DePuy", "BİOMET", "CeramTec", "STRYKER", "SYNTHES" və digər şirkətlərin istehsalı olan sümük və oynaq xəstəliklərinİn müalicəsi, bərpası, xəstələrin hərəkətinin təmin olunması üçün avadanlıq və vasitələr nümayiş etdirilib.
Konfransda çıxış edən mütəxəssislər bildiriblər ki, müharibələr, təbii fəlakətlər, qəzalar, ağır xəsarətli hadisələr və ekologi problemlər sümük və oynaq xəstəliklərinin əsas yaranma səbəblərindəndir. Qərara alınıb ki, sümük və oynaq xəstəliklərinin genişlənməsinin qarşısının alınması və müalicəsinin düzgün təşkili məqsədi ilə bu sahənin mütəxəssisləri arasında intensiv informasiya və təcrübə mübadiləsi aparılsın. Bu işdə Beynəlxalq Travmatologiya və Ortopediya Cəmiyyətinin imkanlarından geniş istifadə edilməsi tövsiyə edilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB