Təhsil Nazirliyinin rəsmisi: “Doktoranturaların yaradılması ilə bağlı təkliflər yaxın bir həftə ərzində AMEA-ya təqdim olunacaq” - Açıqlama

Hazırda Təhsil Nazirliyindən elm və təhsil müəssisələrində doktoranturaların yaradılması ilə bağlı təkliflər hazırlanır. Bu barədə SİA-ya açıqlamasında Təhsil Nazirliyinin Elm şöbəsinin müdiri Gültəkin Hüseynova məlumat verib. O bildirib ki, bu günlərdə nazirlikdə hansı ali məktəbdə aspirantura olubsa, orada fəlsəfə elmləri proqramları üzrə doktoranturaların yaradılması məsələsinə baxılır. Şöbə müdiri vurğulayıb ki, elmlər doktoru proqramları yeni olduğuna görə, bu çox vaxt aparır: "Biz ali məktəblərin təkliflərini yığmışıq və hazırda onların təkliflərinə baxılır ki, hansılarda bu iki proqram üzrə doktoranturalar yaradılsın. Bu təkliflər yaxın bir həftə ərzində Azərbaycan Milli Elmlər Akademiyasına təqdim olunacaq".

Doktoranturaların yaradılması ilə bağlı müraciət edən ali təhsil müəssisələrinə gəlincə, G.Hüseynova qeyd edib ki, Nazirlik sistemində fəaliyyət göstərən 18 ali məktəbdən təklif daxil olub. Şöbə müdirinin sözlərinə görə, bundan əlavə, Təhsil Problemləri İnstitutundan, AR Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasından daxil olan təkliflərə baxılır.

"Özəl ali məktəblərdən isə Azərbaycan Universiteti, Odlar Yurdu və Qafqaz Universiteti təkliflər verib. Bunlarla yanaşı, müxtəlif nazirliklər, əlavə kənar təşkilatlar da bizə müraciət edib. Onların hər birinin vəsatətlərinə baxılacaq və sonda rəy veriləcək", - deyə o əlavə edib.

O qeyd edib ki, təkliflərə əsasən, doktoranturalar yaradılacaq və plan təsdiq olunacaq. Plan təsdiq olunandan sonra isə ali məktəblərdə və elmi təşkilatlarda doktoranturaya qəbul həyata keçiriləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə