Bu gün Gənc Tamaşaçılar Teatrında "Kaspi" Təhsil Şirkətinin 10 illik yubiley tədbiri keçirilib. SİA-nın xəbərinə görə, həm yubiley, həm də məzun gecəsinin qeyd olunduğu tədbirdə şirkətin işçi kollektivi, məzunlar və onların valideynləri ilə yanaşı ictimai xadimlər, mədəniyyət nümayəndələri və digər görkəmli şəxslər də iştirak ediblər.
Tədbirdə əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Daha sonra şirkətin 10 illik tarixini əks etdirən video-çarx nümayiş etdirilib.
İlk çıxış edən "Kaspi" şirkətin təsisçisi Sona Vəliyeva şirkətin yaranma tarixi, missiyası və gələcək hədəfləri haqqında məlumat verib: "Biz 10 ildə müəyyən işlər görməyə çalışmışıq. Amma bu məqsədlərimizin yalnız bir hissəsidir. Biz qloballaşan dünyada hər birimizin arzuladığı gəncliyi yaratmağa çalışırıq. Biz Ulu Öndərin miras qoyduğu Azərbaycana layiq vətəndaşlar yetişdirmək istəyirik. Bu məqsədlə müəllimlərimiz gecə-gündüz, yorulmaq bilmədən fəaliyyət göstərirlər".
Çıxışı zamanı məzunları təbrik edən Sona Vəliyeva gənclərin gələcək həyatlarında uğur qazanacaqlarına şübhə etmədiyini deyib: "Gənclərimiz nəinki rəqabət qabiliyyətinə malik olmalı, hətta bir addım daha öndə olmalıdırlar. Təhsil sahəsində əldə etdiklərimizi öyünmək üçün demirik. Çünki bu tək bizim deyil, bütün Azərbaycan təhsilinin uğurudur".
Daha sonra "Kaspi" Təhsil Şirkətinin direktoru Elnur Əliyev hesabat xarakterli çıxışı ilə gələn qonaqları məlumatlandırıb. Əsasən, şirkətin 10 il ərzində əldə etdiyi nailiyyətlərin əldə olunma səbəblərinə köklənib və qazanılan bütün uğurlarda iştirak edən hər kəsə öz minnətdarlığını bildirib. O bildirib ki, 11 filialda "Kaspi"nin xarici dil kursları fəaliyyət göstərir: "Hər il minlərlə şagird abiturient bu kursları bitirir. 100-dən çox jurnalist bu kurslardan yararlanıb. "Kaspi" Abituriyent şöbəsinin ilk bəhrələrini görürük. Bizim ali məktəbə qəbul göstəricimiz 92 faizdir, 300 dən çox tələbəmiz 600 baldan çox bal toplayır. Bu il isə bir tələbəmiz 700 bal toplayıb. "Kaspi kids" bölməsində məktəbəqədər hazırlıq kursunda hər il 1000-dən çox uşaq hazırlanır. "Kaspi Qlobal "şöbəsinin açılmasında məqsəd isə gənclərimizin xaricdə təhsilinə dəstək olmaqdır. 6 beynəlxalq təhsil sərgisi keçirmişik, 23 ölkənin universitetləri ilə tərəfdaşlıq müqavilələri bağlanıb".
"Kaspi" liseylərində çox ciddi addımların atıldığını deyən E.Əliyev bildirib ki, liseyin tələbələri beynəlxalq olimpiadalarda medallar qazanırlar: "Məktəblərimizdə biliklə yanaşı uşaqların sosial tərəfləri də inkişaf etdirilir. Liseylərimizin 20 məzunu olmasına baxmayaraq, onlardan artıq 6-sı xaricdə təhsil almaq üçün lazımi bal toplaya bilib. Əminik ki, bütün məzunlarımız istədikləri ali təhsil məktəbinə qəbul ola biləcəklər. Bu ildən beynəlxalq uşaq baxçası fəaliyyətə başlayacaq. Onlar ingilis dilində təhsil alacaqlar".
Tədbirdə "Kaspi Abituriyent" kurslarında təhsil alaraq 700 bal toplamış tələbə Vahab Cəbrayılov da xüsusi mükafatla təltif olunub, həmçinin o, yenicə təsis olunmuş "Kaspi" təqaüdünü şirkətin təsisçisi Sona Vəliyevadan qəbul edib.
Tədbirin davamında "Kaspi" təhsil liseyinin şagirdlərinin ifasında bir çox bədii kompozisiyalar, mahnılar, rəqslər ifa edilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB