Aztəminatlı tələbələrə oxuyub, işləmək ŞANSI

Aztəminatlı tələbələrə oxuyub, işləmək ŞANSI

"Bu gün təhsildə yeni anlayışlar meydana gəlib və bunlar tədrisə qismən və ya tam cəlb olunmadır. Tədrisə tam cəlbolunma yalnız dövlət sifarişli ixtisaslarda təhsil alan tələbələrə şamil ediləcək". SİA-nın xəbərinə görə, bu barədə Təhsil Nazirliyinin Elm, ali və orta ixtisas şöbəsinin müdir müavini Yaqub Piriyev bu gün keçirilən mətbuat konfransında məlumat verib.

O bildirib ki, tədrisə cəlb olunan tələbələr hər semestrdə 30 kredit dərs ala, bundan əlavə 10 kredit dərs götürə bilərlər: "Tədrisə qismən cəlb olunan tələbələr isə oxuduğu müddətdə çalışa bilərlər. Bu halda tələbələr ən azı 2 fənni dinləyərək tədris almalıdırlar. 20 kreditdən çox olmamaq şərtilə müəyyən bir müddətdə ali məktəbdə tədrisi bitirə bilərlər. Bu da imkan yaradacaq ki, aztəminatlı tələbələr həm çalışıb, həm də təhsili davam etdirsin. Əgər tələbənin il ərzində təhsil haqqını ödəmək imkanı yoxdursa, onda tələbə 2 fənni seçə bilər və fənlərə-kreditlərə müvafiq təhsil haqqını ödəyib universitetdə təhsil ala bilər”.

Y. Piriyev qeyd edib ki, təhsilə qismən cəlb olunma qiyabi təhsil forması deyil: "Qiyabi təhsil formasında təhsil alanlar ildə 1 dəfə bir ay müddətində sessiyada iştirak edirlər. Onlar imtahanda iştirak etdikləri halda növbəti sessiyaya cəlb olunurlar. Biz qiyabi təhsil formasını tələbə qəbulunda azaltmışıq. Elə ixtisaslar var ki, orada qiyabi təhsilin aparılması məqsədəuyğun deyil. Qismən tədrisə cəlbolunmada belə bir imkan yaranıb ki, tələbə özü 2 fənn üzrə müəllimi seçsin və özü özünün tədris planının hərəkət trayektoriyasına uyğun olaraq müəyyənləşdirsin”.

Y. Piriyev əlavə edib ki, əvvəllər tələbələrin təhsilə davamiyyətində 25 faiz məhdudiyyət var idi: “Yeni qaydalara əsasən, Gənclər və İdman Nazirliyinin yığma komandasının üzvlərinə bu məhdudiyyət şamil edilmir. Bu ən maksimal qiymət ali məktəblərin özləri tərəfindən müəyyənləşdirilir”.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə