"Universitetlərdə elmi fəaliyyətin müasir idarəetmə modeli" mövzusunda konfrans keçirilib
Bu gün Təhsil Nazirliyinin dəstəyi, UNEC, "Clarivate Analytics", Beynəlxalq Elmi və Texniki İnformasiya Mərkəzinin təşkilatçılığı ilə "Universitetlərdə elmi fəaliyyətin müasir idarəetmə modeli" mövzusunda beynəlxalq elmi-praktik konfrans keçirilib.
SİA-nın verdiyi məlumata görə, konfransda Təhsil Naziri Mikayıl Cabbarov, Milli Məclisin deputatları, ali təhsil ocaqlarının rəhbərləri, "Nobel" mükafatçısı Əziz Sancar və media qurumlarının rəhbərləri iştirak ediblər.
Dünyanın nüfuzlu alimlərinin toplaşdığı konfransda çıxış edən Azərbaycan İqtisad Universitetinin rektoru Ədalət Muradov konfransın əhəmiyyətindən danışıb: "Bugünkü konfransın məhz universitetlərdə elmi fəaliyyətin müasir idarəetmə modeli mövzusuna həsr edilməsi təsadüfi deyil. Son dövrlərdə Azərbaycan Prezidenti cənab İlham Əliyevin təsdiq etdiyi "Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası" əsas tutulmaqla universitetlərdə həyata keçirilmiş islahatlar nəticəsində universitetlərdən gözləntilər artıb. Universitetlər təhsil-elm-istehsal üçbucağı prizmasından qiymətləndirilir. Cəmiyyətdə artıq birmənalı olaraq qəbul edilir ki, praktika ilə əlaqəsi olmayan elm, elm və praktika ilə əlaqəsi olmayan təhsil, təhsil və elmlə əlaqəsi olmayan biznes mümkün deyil".
Daha sonra çıxış edən Təhsil Naziri M.Cabbarov zəngin ənənələrə malik olan elmimizin inkişafından danışıb. Qeyd olunub ki, Azərbaycanda universitetlərin yeni idarəetmə modeli yaradılır: "İnsan kapitalının formalaşması ilə məşğul olan ali təhsilin rolu davamlı şəkildə yüksəlir. Universitetlərimiz ənənəvi şəkildə kadr yetişdirməklə yanaşı, biliklərə əsaslanan məhsul istehsalçısına çevrilir. Son illər elmi tədqiqat fəaliyyətinə qrantların cəlb olunması üçün müvafiq tədbirlər görülür. Bu da gənclərin elmə marağını bir daha artırır".
ABŞ-ın Şimali Kalorina Universitetinin professoru, 2015-ci il kimya üzrə "Nobel" mükafatçısı Ə.Sancar çıxış edərək bildirib ki, təəssüflər olsun ki, bu gün dünya ölkələri hərbi məsələlərə təhsildən çox xərc çəkirlər: "Hərbi sahəyə elmdən, təhsildən çox vəsaitin ayrılması heç də düzgün addım deyil. Mən də kasıb ailədən idim, amma gözəl təhsil aldım. Bu günə gəlib çatmağımda Mustafa Kamal Atatürkün böyük əməyi olub. Qazandıqlarıma Atatürkün sayəsində nail olmuşam və ona çox minnətdaram. Biz müasir Türkiyə və onun qurucusu Atatürklə qürur duyuruq". Ə.Sancar həmçinin Türkiyə-Azərbaycan qardaşlığından danışaraq qeyd edib ki, Azərbaycanla Türkiyə bir millət, iki dövlətdir və Türk dünyasının döyünən ürəkləridir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB