Bu gün ölkənin bütün məktəblərində illərdir bu gün gözləyən yüzlərlə şagird eyni hissləri keçirir, məzun olmağın sevinci ilə doğma məktəbdən ayrılmağın kədərini eyni anda yaşayırlar. Onlar üçün son zəng yeni, müstəqil bir həyata qədəm qoymaq deməkdir. Biz də SİA olaraq məzunların həyəcanını bölüşmək üçün 7 saylı orta məktəbə üz tutduq.
Məktəbin direktoru Könül Həsənzadə məzunları təbrik edərək, onlara uğurlu gələcək arzu edib: “Bu gün çox həyacanlı gündür. Çünki “Son zəng” hər birimizə məktəb dövrünü xatırladır. Bütün məzunlardan böyük nailiyyətlər gözləyirik. Arzum budur ki, hər biriniz məzun adından sonra tələbə adını qazanasınız. Sizə kamil olmağı, müəllimlərinizin və valideynlərinizin başını uca tutmağı arzu edirəm. Bu gün siz müstəqil vətəndaşa çevrilirsiniz. Yeni həyatınızda şansınız bol olsun”.
11r sinfinin rəhbəri Rəna Ağasıyeva şagirdləri ilə birgə həyəcan keçirdiyini bildirdi: “Bu gün məzunlar kimi, biz müəllimlər də həyəcan keçirir və kədərlənirik. İllərdir gözümüzün önündə böyüyən şagirdlərimizdən ayrılmaq bizim üçün asan deyil. Məzunlarımız çox tərbiyəli, ağıllı uşaqlardır. İnanıram ki, şagirdlərimin ən azı 95 faizi ümidlərimi doğruldub, tələbə adını qazanacaqlar. Bütün şagirdlərimə təhsil almaq istədikləri ali məktəbə daxil olmağı arzu edirəm. Amma hər şeydən öncə şagirdlərimə can sağlığı, xoşbəxtlik, bol-bol uğurlar arzu edirəm”.
Gələcəkdə hüquqşünas olmaq istəyən 11r sinfinin məzunu Amin Pənalıyev müəllimlərinə təşəkkürünü bildirib: “Bu gün bizim məktəblə vidalaşacağımız gündür. 11 illik əziyyətimiz burada bitir. Bütün yoldaşlarım üçün çox darıxacam. Təhsilimi hüquq sahəsində davam etdirmək istəyirəm..
Ən böyük arzum bütün məzunların istədikləri ali məktəblərə qəbul olmalarıdır. Təbii ki, bu prosesdə müəllimlərimizin əziyyəti hər kəsdən çoxdur. 11 il müddətində bizim hər bir şıltaqlığımıza dözən müəllimlərimizə təşəkkür edir və çalışacağıq ki, onların bizə olan etimadlarını doğruldaq”.
Məzun Şəhla Həsənzadə 11-ci sinifi bitirdiyi üçün həm kədərli, həm də sevincli olduğunu dilə gətirib: “Bu gün bizim üçün çox kədərli və həyəcanlı gün olsa da, digər tərəfdən də sevincli gündür. Kədərlidir ona görə ki, bu gün biz sinifimizdən, dostlarımızdan ayrılırıq. Sevinclidir ona görə ki, həyat davam edir və qarşıda hər birimiz tələbə adını qazanacağıq. Hazırda məqsədim Azərbaycan Dövlət İqtisad Universitetinə qəbul olmaqdır. Ən böyük arzum iqtisadçı olub, dövlətimə xidmət göstərməkdir”.
Qarşıdakı planları haqqında danışan məzun Ələsgər Cabbarov yaxşı işdə işləmək istədiyini qeyd edib: “Bu gün 11-ci sinfi bitirdiyimə görə çox sevincliyəm. Hər kəs kimi, mən də məktəb üçün darıxacam. Amma qarşımda planlarım var. Onlardan biri ali məktəbə daxil olmaq, digəri isə yaxşı işdə işləməkdir. Təhsilimi iqtisadiyyat sahəsi üzrə davam etdirmək istəyirəm. Hazırda tələbə adını qazanmaq üçün hazırlaşıram. Artıq qəbul imtahanının birinci mərhələsindən keçmişəm. Həm özümə, həm də məktəb yoldaşlarıma uğurlar arzu edirəm”.
Məzun Sona Qasımzadə isə məktəbi bitirdikdən sonra anasının peşəsini davam etdirmək arzusunda olduğunu açıqlayıb: “Bu gün bizim üçün “Son zəng” çalınsa da, hələ də məktəbi bitirdiyimə inana bilmirəm. Yoldaşlarımdan ayrılmaq çox çətin olsa da, məzun olduğuma görə çox sevinirəm. Müəllimlərimi çox sevir və hər birinə ayrılıqda hörmət və ehtiramlarımı bildirəm. Məktəbdən sonrakı arzularımdan biri Azərbaycan Tibb Universitetinin tələbəsi olmaqdır. Məqsədim anam kimi bilikli və hər zaman vətəndaşlarımızın qayğısına qalan həkim olmaqdır. Hər birinə xoşbəxtlik və tələbə adını qazanmağı arzu edirəm”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB