7 saylı orta məktəbdə“ Son zəng” tədbiri

7 saylı orta məktəbdə“ Son zəng” tədbiri

Bu gün Səbail rayon 7 saylı orta məktəbdə “Son zəng” tədbiri keçirilib. SİA-nın xəbərinə görə, “Sahil” bağında keçirilən tədbirdə Sabail rayon İcra Hakimiyyətinin, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin nümayəndələri, məzunlar, müəllimlər, valideynlər və digərləri iştirak ediblər.

Tədbir Əsgər marşının sədaları altında Azərbaycan bayrağının meydana gətirilməsi ilə başlanıb. Daha sonra Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Məktəbin 4-cü sinif şagirdləri “Dostluq” mahnısı ifa etməklə məzunları “Son zəng” münasibətilə təbrik ediblər.

Tədbirdə çıxış edən məktəbin direktoru Könül Həsənova hər kəsi salamlayaraq, məzunları bayram münasibətilə təbrik edib, onlara uğurlu gələcək arzu edib: “Arzum budur ki, hər biriniz məzun adından sonra tələbə adını qazanasınız. Sizə kamil olmağı, müəllimlərinizin və valideynlərinizin başını uca tutmağı arzu edirəm. Bu gün siz müstəqil vətəndaşa çevrilirsiniz. Yeni həyatınızda şansınız bol olsun”.

Daha sonra çıxış edən natiqlər Azərbaycanda təhsil sahəsində görülən işlərdən bəhs ediblər. Bildiriblər ki, ölkəmizdə həyata keçirilən uğurlu siyasət bütün sahələr kimi təhsil sahəsində də özünü göstərməkdədir.

“Son zəng” tədbirində məktəblilərin ifasında müxtəlif rəqs nömrələri və mahnılar səsləndirilib.

Tədbirin sonunda ənənəvi olaraq orta məktəbin birinci sinifləri məzunlara, məzunlar isə birincilərə hədiyyələr təqdim ediblər və “Son Zəng” çalınıb.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə