Əlli ilin simfoniyası FOTOLAR

Orta məktəbi yarım əsr əvvəl bitirən məzunlar bu illərin xoş ovqatını yaşayırdılar

O vaxtdan bəri çox zaman əriyib. Məzunluq illərindən ali məktəb auditoriyalarına, həyata, cəmiyyətə keçid körpülərinin altından çox sular axıb, durulub. Bu körpüləri xatirələrin işığında geri qayıdıb orta məktəb illərinə yol salıblar. Bu yollar illərdən sonra yenidən Masallı şəhər Nəriman Nərimanov adına 2 saylı orta məktəbində qovuşur.

Bu gün də əlli il əvvəlki məzunların görüş yeri məktəb idi. Onun yaşıl ağaclarının çətir tutduğu geniş həyəti idi. Məzunlar, onların müəllimləri həmişə intizarında olduqları görüşə fərəhlə, xoş ovqatla, ürək açıqlığı ilə gəlmişdilər. Məktəbdə darvaza qollarını küçəyə açıb onları köksünə sıxmaq, məzunların da özünün də xatirələrini təzələmək üçün müntəzir dayanmışdı.

Həyatın sərt qanunlarından biri hamımızın ömrünə-gününə işləyir. Bu qismət payı bizi əziz-xələf məzunların, bir neçə müəllimin görüşə gəlməməsinə səbəb olmuşdu. İlk növbədə onların xatirəsi yad edildi, ruhlarına dualar oxundu.

Ruha qanad verən hadisələrin arı yuvasına çöp uzadan zəng səsləri məzunları sinfə səslədi. Partalar arxasına keçən ağsaqqal, ağbirçək yaşındakı yarım əsr əvvəlki məzunlar sanki yenidən uşaqlaşdılar...

Məktəbin dirktor əvəzi Adil Fərzullayev tədbiri giriş sözü ilə açıb məzunları təbrik etdi. Bu təbriklər Rayon Təhsil Şöbəsinin müdir müavini Samit İsmayılov və Rayon Ağsaqqallar Şurasının sədri, III dərəcəli dövlət qulluğu ordenli, yazıçı, jurnalist Ələşrəf Niftiyevin də çıxışlarında səsləndi. Onlar məktəbin bu gün həyatın ayrı-ayrı sahələrində respublikada uğurlar qazanan elm, dövlət, ədəbiyyat, maarif, səhiyyə, incəsənət, idman xadimləri olan, rəhbər vəzifələrdə çalışan keçmiş məzunlardan geniş danışdılar.

Söz müəllimlərə verildi. Vaxtilə məzunlara elm-bilik laylası çalmış, onlara təhsil yollarında yaxşı bələdçi olmuş məktəb direktorları Şəfiqə Abdullayeva, Mahirə Rəsulova, müəllimlər Nurulla Məmmədov, Ağabala Əsədov, Əlihüseyn Məmmədov, Məhbub Ağayev xatirələrin cığırına düşdülər. Hər birini diqqətlə dinləyən məzunlar sanki gənclik yaşlarına, orta məktəb illərinə qayıtdılar. Axı müəllimlər onlara təkcə elm-bilik yox, əsl həyat öyrətmişdilər. Onlara mənəvi valideyin olmuşdular. Ayrı-ayrı institutlara imtahan verəndə, ali məktəbi bitirəndə, istehsalatda çalışanda bu qoşa qanad onların uğurlarına nailiyyətlərinə stimul olmuş və onları böyük uğurlara, nailiyyətlərə aparmışdı.

Sinif otaqlarının birində müəllimlərin xatirələrini dinləyənlər məzunlar, uşaqlıq illərinə qovuşur, günlərin zəncirvari düzümündə gənclik çağlarını yadına saldılar. Gur, maraqlı, qaynar həyatın axarına dönən ürəklərin həzinliyi, kövrəkliyi bu günkü görüşün ab-havasına qarışır. Bu balaca sinif otağında onlarca insanın ömür-günü varaqlanır, əlli illik dünyası açılır. Burada şagird nöqteyi-nəzərində müəllim sənəti, ustad zəhməti öz dəyərini tapır. Məzunlar çıxış edərək sanki müəllimlərinə hesabat verirlər. Bu hesabat əslində onların həyatda qazanılan uğurlarının sadalanmasıdır.

Jurnalist, publisist, yazıçı, dramaturq, aktyor, rejissor öz dəst-xətti ilə mətbuatda və teatr aləmində yaxşı tanınan, “Azad Azərbaycan” qəzetinin şöbə müdiri,

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının quruluşçu rejissor, Respublikanın Əməkdar İncəsənət Xadimi, 20-dən çox kitabın müəllifi, 120-dən çox tamaşaya quruluş verən, 1000-dən çox məqalələrin, müsahibələrin, oçerklərin, ressenziyaların, 15 pyesin, 6 romanın, 7 povestin, 50-dən çox hekayənin, 20 ssenarinin müəllifi, SSRİ dramaturqları və “ Qızıl Dərviş” mükafatı laureatları Ağalar İdrisoğlu həyatda qazandığı bu müvəffəqiyyətlərini müəllimlərinin adına yazır.

Ağalar müəllim ötən günlərə qayıdır: - biz 175 məzun olmuşuq. Hamısını, o cümlədən müəllimlərimizi xatirələrimizdə yaşadacağıq. Mənim növbəti kitabım Masallı şəhər Nəriman Nərimanov adına 2 nömrəli məktəbin keçdiyi şərəfli yola, məzunlarına, müəllimlərə həsr olunacaq. Bunun üçün xahiş edirəm sadəcə olaraq xatirələrinizi mənə çatdırın.

Sözçü siyahı ilə adları oxuyur. Dünyasını dəyişənlər bir daha yad edilir.

Məzun Dənizxan Bayramov Azərbaycan Dillər İnstitutunda, Cəlilabad rayonunda müəllim kimi fəaliyyətindən, şagirdlik xatirələrindən danışır.

Fərhad Rəhmətov, Vəzir Əsgərov, Zenfira Əkbərova, Tünzalə Yaqubova, Solmaz Məmmədova həyatda qazandığı uğurları sadalayır, ziyalı kimi cəmiyyətdə görüntülərindən danışırlar.

Onların hamısının Vətən və xalq qarşısında xidmətləri var. Müəllim, həkim, məktəb direktoru, siyasi-ictimai xadim, elm, ədəbiyyat, incəsənət, idman xadimi kimi cəmiyyətdə yaxşı tanınanları çoxdur.

Professor Ağadadaş Qafarov elmi kəşflərindən, bu kəşflər zamanı istedadını daha da cilalayan zəhmətindən danışır – deyir ki, “bu yollar Masallı şəhər Nəriman Nərimanov adına 2 saylı orta məktəbin siniflərindən başlanıb. 27 yaşında elmlər namizədliyi, 37 yaşında elmlər doktoru elmi dərəcələrini müdafiə etmişəm. Bu gün də böyük dövlət layihələri məhz mənim rəhbərliyimlə və iştirakımla hazırlanır”.

Auditoriyalar dəyişir. Tədbir geniş məktəb həyətində davam edir. Əlli ilin simfoniyası yenidən səslənir. Məzunlar məktəb illəri mahnısının kövrəkliyində, emosiyalığında bir daha gəncliklərini axtarıb tapırlar.

Bir neçə peşənin kamil bilicisi və mütəxəssisi Ağalar İdrisoğlunun gur-şaqraq səsi eşidilir. O, bu məktəbin məzunları olan, Pedaqoji elmlər doktoru, professor Fərahim Sadıqovun, dünyanın ən böyük beynəlxalq “Sokrat” inşaat mükafatlarına layiq görülmüş, “Tərəqqi” medallı, “Az.Termoizol” ASC-nin sədri Şakir Həsənovun , tibb üzrə fəlsəfə doktoru, Əməkdar həkim, “Tərəqqi” medallı, Sumqayıt Təcili Tibbi Yardım Xəstəxanasının Travmatologiya şöbəsinin müdiri Cəbrayıl Əlnağıyevin, Riyaziyyat elmləri doktoru, professor Sabir Mirzəyevin, Respublikanın Əməkdar jurnalisti, məşhur “Oqanyok” jurnalının Asiya və Şərq ölkələri üzrə redaktoru Vasif Səmədovun, Xocahəsən Salğlamlıq Mərkəzinin baş həkimi, tanınmış travmatoloq Loğman Əliyevin həyatda qazandığı uğurlardan danışıb, onların təbrikini müəllimlərə və məzunlara çatdırdı.

Məzunların həmin illərdə dərs deyən müəllimlərdən- Şəfiqə Abdullayevanın, Mahirə Rəsulovanın, Əlhüseyn Məmmədovun, Natiq Abdullayevin, Məhbub Ağayevin, Ramiz Qasımovun böyük portretlərini hazırlayıb və həmin portretlərdə “1967-ci ildə orta məkətəbi bitirmiş- 50 illik yubileylərini qeyd edən

məzunlar adından. Ulu Tanrı Sizi qorusun” sözləri yazılmış, yaraşıqlı çərçivəyə salınmış portretlərini onlara təqdim edilməsi özlərini uşaqlıq, yeniyetməlik və gənclik illərinə qaytarır. Portretləri müəllimlərə “Tərəqqi” medallı Əməkdar müəllim Mirqabil Hüseynov, 2 saylı məktəbin müəllimi Şakir Mahmudlu, Köhnə Alvadı bələdiyyəsinin sədri Vaqif Məmmədov, məzunlar Vəzir Əsgərov, Həqiqət Məmmədova, məzun, Digah orta məktəbinin keçmiş direktoru Zenfira Əkbərova, məzun, Masallıda uzun illər aparıcı vəzifələrdə işləmiş Məmmədəli Əlnağıyev və başqaları təqdim etdilər. Bu portretlər müəllimlərə təqdim olunanda gurultulu alqışlarla qarşılandı.

Məktəbin tərbiyə işləri üzrə direktor müavini Firəngiz Niftiyevanın məzunlara həsr olunmuş şeiri alqışlarla qarşılanır. Məzunlar məktəbin şagirdlərinin onlara həsr olunmuş ədəbi-bədi kompazisiyasına maraqla baxırlar. Balaca aktyorlar hər bir şeiri və səhnəciyi yüksək peşəkarlıqla ifa edirlər.

Toplanış iştirakçıları məktəbin şəhid məzunu Emin Əliyevin elə məktəbin həyətində qoyulmuş abidəsi önünə gül dəstələri qoyur, xatirəsinə ehtiram göstərir və öz ürək sözlərin deyirlər.

Tədbirlər gün ərzində davam edir. Məzunlar bu görüşləri davam etdirməyi, xəstə yoldaşlarına baş çəkməyi, dünyasını dəyişən müəllimlərinin və orta məktəb yoldaşlarının məzarını ziyarət etməyi qərara alırlar.

İnsan ömrünün bir günü kimi sonunclanan görüş ailələrə, evlərə böyük fərəh və sevinc aparır.

Beləliklə, 50 illik məzunluq həyatı artıq tarixə çevrilir. Onlar belə qərara gəlirlər ki, hər 5 ildən bir görüşlərini təşkil etsinlər. Onu da vurğulayım ki, bu tədbir Masallıda maraqlı hadisəyə çevrildi. Rayon camaatı bu tədbir haqqına özlərinin xoş sözlərini deyirdilər. Bu tədbir də Masallıda son 5 ildə görülən ən maraqlı hadisələrdən, işlərdən biri oldu. Bəli. Masallı müstəqillik qazandığımız 26 ildə çox inkişaf edib. Burada bu illərdə böyük abadlıq işləri görülüb. Elə son 5 ildə bu rayon Cənub bölgəsində tikilən 50 məktəbi, yaraşıqlı ASAN xidmət mərkəzi, çoxlu sosial obyektləri, yaraşıqlı asvalt yolları, içməli su qurğuları, bu rayonun tarixində ilk dəfə yaradılan kanalizasiya xətləri, kənd təsərrüfatının uğurlu inkişafı, çoxlu turust bazalarının yaradılması ilə yanaşı, belə maraqlı tədbiri ilə də yadda qaldı. Masallıda gedən uğurlu işlər həqiqqətən də bu rayonu cənnət məkan edir.

Rəsul RZAYEV

Şair-jurnalist

Bütün xəbərlər Facebook səhifəmizdə