"1 illik ödənişli hazırlıq qrupları gənclərin təhsilə cəlbinə şərait yaradacaq" ŞƏRH
“Təhsil haqqında” qanuna ölkənin ali təhsil sistemində bakalavriat səviyyəsində bir illik ödənişli hazırlıq qruplarının təşkili olunması ilə bağlı təklif olunan dəyişiklik zamanında edilən və vacib təklifdir”. Bunu SİA-ya açıqlamasında təhsil üzrə ekspert Əjdər Ağayev deyib.
O bildirib ki, layihəyə təklif olunan dəyişiklik həm ali məktəblərə qəbul oluna bilməyən gənclərin xaricə axınının qarşısını alacaq, həm də onların bilik səviyyəsinin artırılmasına yardım edəcək: “Düzdür, elə gənclərimiz var ki, onlar ölkəmizdə də təhsil alandan sonra təhsillərini təkmilləşdirmək üçün xaricə üz tuturlar. Amma ölkəmizdə ali məktəbə qəbul ola bilməyən bir sıra gənclərimiz var ki, onlar xaricdə imtahansız qəbul keçirən ali məktəblərə təhsil almağa gedirlər. Bu baxımdan qanuna təklif olunur ki, ölkəmizdə ali təhsil sistemində bakalavriat səviyyəsində bir illik ödənişli hazırlıq qrupları təşkil olunsun və xaricdə imtahansız oxumağa gedən gənclər hazırlıq kurslarına getməklə öz ölkəmizdə təhsil almaq imkanı qazansınlar. Artıq yeni təklifə əsasən ali məktəbə qəbul olmayan abituriyentlər bir il hazırlıq kursundan keçəndən sonra buraxılış imtahanlarında iştirak edəcəklər və burada yüksək nailiyyət əldə etdikləri zaman istədikləri ali məktəbə qəbul ola biləcəklər”.
Layihə təklif olunan dəyişikliyi faydalı hesab edən ekspert söyləyib ki, bu eyni zamanda gənclərin ümumtəhsil məktəblərindən sonra geniş miqyasda təhsilə cəlbinə şərait yaradacaq: “Etiraf edək ki, ali məktəbə qəbul olmayan gənclərin bir qismi xaricə getsə də, böyük qismi işsiz-gücsüz qalır. Qanun layihəsinə edilən təklif bu halların qarşısını alacaq. Dəyişiklik qəbul olunduqdan sonra imtahanlardan kəsilən gənclər bir illərini boş yerə sərf etməyəcək, təhsillərini daha da təkmilləşdirəcəklər. Bu baxımdan sözügedən təklifin tezliklə reallaşmasının böyük faydası ola bilər”.
Ə. Ağayev qeyd edib ki, ödənişli kursların təşkilinin digər faydalı cəhəti abituriyentlərin hansısa ali məktəbə gedib, orada hazırlıq keçmək əvəzinə öz ixtisaslarıma uyğun seçmək imkanı qazanmaqdan ibarət olacaq: “Bu da abituriyentlərə seçəcəyi ixtisasa uyğun hazılıq keçmək imkanı verəcək. Ümumiyyətlə bizdə orta məktəb şagirdlərinin qrammatik, nitq savadları zəifdir. Bu baxımdan ödənişli kurslarda ilk növbədə uşaqlara bu sahələrdə düzgün təlim keçirilməlidir. Düşünürəm ki, təlim kurslarında Azərbaycan tarixi və ixtisasa uyğun fənlər öyrədilməlidir. Təbii ki, bütün bunlar iş planı çərçivəsində həyata keçirilməlidir, əks halda onun effekti olmaz”.
Ekspert əlavə edib ki, ödənişli hazırlıq kursları bütün ali məktəblərdə təşkil olunmalıdır: “ Əslində bu yeni deyil. Əvvəllər də ali məktəblər abituriyentləri qəbul edir, 1 il hazırlıqdan sonra tələbələrə I kursda oxumasına imkan verirdi. Hazırda bəzi ali məktəblərimizə balla daxil olan abituriyentlər 1 il müddətindən dil, kompüter texnologiyası üzrə hazırlıq kursu keçirlər. Abituriyentlər bu sahələr üzrə mükəmməlləşdikdən sonra onlar I kursda təhsil almağa başlayırlar. Çünki həmin ali məktəblərdə təlimlər xarici dildə keçirilir”.
Qeyd edək ki, Milli Məclisin Elm və təhsil komitəsinin iclasında “Təhsil haqqında” qanuna dəyişiklik müzakirə edilib. Layihəyə əsasən hazırlıq qruplarında tədrisin sonunda keçirilən buraxılış imtahanlarında müvəffəqiyyət qazanan tələbələr ali təhsil müəssisələrinin birinci kursuna qəbul olunacaqlar. Yekunda “Təhsil haqqında” qanunda dəyişikliklər edilməsi barədə qanun layihəsi Milli Məclisin plenar iclasına tövsiyə olunub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB