Bakı Ali Neft Məktəbinin (BANM) rektoru Elmar Qasımovla Anqolanın neft naziri Xose Maria Botelyo de Vaskonselosun rəhbərlik etdiyi nümayəndə heyəti arasında görüş keçirilib. BANM-dan SİA-ya verilən məlumata görə, nümayəndə heyətinin tərkibinə, həmçinin Anqolanın neft şirkəti olan Sonangol şirkətinin icraçı direktoru və İcraçı komissiyasının prezidenti Paulino Xeronimo da daxildir.
Görüşdə Ali Məktəbin rektoru Elmar Qasımov Anqola və Azərbaycanın təhsil əlaqələrindən bəhs edib və bu əlaqələrin inkişafının hər iki ölkənin maraqlarına xidmət edə biləcəyini vurğulayıb. O, Anqolalı tələbələrin BANM-da təhsil almasını təklif edib. Elmar Qasımov yeni açılan kampusda onlar üçün hər cür imkanların yaradılacağını, tədrislə yanaşı, SOCAR-ın müəssisələrində təcrübə keçə biləcəklərini xüsusi qeyd edib.
Xose Maria Botelyo de Vaskonselos həm Neft Nazirliyinin, həm də Sonangol şirkətinin Anqolalı gənclərin xarici ölkələrdə təhsili üçün təqaüd proqramları həyata keçirdiyini və gənclərin Azərbaycanda da təhsil almalarında maraqlı olduqlarını bildirib. Anqolanın neft naziri bu istiqamətdə müvafiq tədbirlərin həyata keçiriləcəyini bildirib. O, həmçinin nazirliyin dəstəyi ilə mühəndislik üzrə ali təhsil verəcək təhsil müəssisəsinin yaradılması ilə bağlı layihə üzərində çalışdıqlarını da qeyd edib və bu istiqamətdə BANM-ın təcrübəsindən yararlana biləcəklərini bildirib.
Qeyd edək ki, Anqolanın nümayəndə heyətinin Bakıya səfəri 24-cü Beynəlxalq Neft və Qaz sərgisi çərçivəsində həyata keçirilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB