Məleykə Abbaszadə qəbul imtahanlarının yekun nəticələrini açıqladı -STATİSTİKA

Məleykə Abbaszadə qəbul imtahanlarının yekun nəticələrini açıqladı -STATİSTİKA
Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) 1992-ci ildən etibarən ölkəmizdə ali məktəblərə tələbə qəbulunu həyata keçirir. 2010/2011-ci tədris ilində qəbul kampaniyasının gedişatını və nəticələrini dəyərləndirən TQDK sədri Məleykə Abbaszadə SİA-ya verdiyi açıqlamasında bildirib ki, cari il ayrılmış 30510 plan yerinə 112509 abituriyent sənəd verib. Onun sözlərinə görə, ötən il isə bu rəqəmlər 29030 plan yerinə 112875 abituriyent ərizə təqdim edib.

Qəbul imtahanları zamanı biliklərin qiymətləndirilməsinin 0-700 ballıq şkala əsasında aparıldığını deyən TQDK sədri vurğulayıb ki, bu zaman ixtisaslar üzrə müsabiqəyə buraxılmaq üçün minimal tələblər qoyulub. Bu tələblərin I qrup üzrə 200 bal, digər qruplar üzrə isə 250 bal olduğunu deyən M.Abbaszadə qeyd edib ki, bu il dövlət sifarişli yerlərin müsabiqəsinə buraxılmaq üçün I qrup üzrə 300 bal, III və IV qruplar üzrə 350, II qrup üzrə isə 400 bal müəyyən edilib.

"Balların paylanmasına gəlincə, qəbul imtahanlarında iştirak edən bütün abituriyentlərin 37,7%-i 0-100, 23,9%-i 100-200, 16,7%-i 200-300, 16,7%-i 300-500, 5%-i isə 500-700 ballıq nəticə göstərib. Qəbul imtahanlarında iştirak edən 2010-cu il məzunlarının 28,2%-i 0-100, 21,6%-i 100-200, 18,7%-i 200-300, 23%-i 300-500, 8,6%-i isə 500-700 arası bal toplayıb. I qrupda cari ilin məzunlarının sayı 49%, II qrupda 63,5%, III qrupda 50%, IV qrupda isə 55% olub. Cari ildə ali məktəblərə sənəd verən abituriyentlərin 55%-i bu ilin, 45%-i isə əvvəlki illərin məzunlarıdır. Qəbul imtahanları nəticəsində builki məzunlarının 36%-i, əvvəlki illərin məzunlarının isə 15 %-i uğurlu nəticələr əldə edib. Builki məzunlarının orta bal göstəriciləri 230, ötən illərin məzunlarının orta bal göstəriciləri isə 137 bal müəyyənləşib", - deyə o əlavə edib.
Abituriyentlərin attestat qiymətlərinin qəbul imtahanlarında topladıqları ballar üzrə paylanmasına gəlincə TQDK sədri qeyd edib ki, 2010-cu il məktəbi əla qiymətlərlə bitirən abituriyentlərin 0,7%-i 0-100, 2,5%-i 100-200, 4,4%-i 200-300, 29%-i 300-500, 63,4%-i isə 500-700 ballıq nəticə göstərib. Onun sözlərinə görə, orta attestat balı 3 olanların 85,6%-i 0-100, 11,9%-i 100-200, 1,9%-i 200-300 ballıq nəticə əldə edib və onların arasından 300 baldan yuxarı nəticə göstərən olmayıb.

M.Abbaszadə bildirib ki, ali məktəblərə qəbul olunan abituriyentlərin 1,2%-i 75-100, 3,5%-i 100-200, 23,5%-i 200-300, 53,8%-i 300-500, 18%-isə 500-700 bal toplaya bilib. O əlavə edib ki, ali təhsil müəssisələrinə dövlət sifarişi əsasında qəbul olan abituriyentlərin 4,1%-i 100-200, 3,1%-i 200-300, 51,1%-i 300-500, 41,8%- 500-700 ballıq nəticə əldə edib.

"Ali təhsil müəssisələrinə ödənişli əsaslarla qəbul olan abituriyentlərin topladıqları ballar üzrə paylanmasına gəldikdə onların 1,8%-i 75-100, 3,2%-i 100-200, 33,8%-i 200-300 bal, 55,1%-i 300-500, 6%-i isə 500-700 ballıq nəticə göstərib. Xüsusi qabiliyyət tələb edən ixtisaslara qəbul olan abituriyentlər nəzərə alınmazsa, 2010-cu ildə 200-300 bal nəticə göstərən abuturiyentlər 100 %- i ödənişli ixtisaslara, 300-500 nəticə göstərənlərin 30 %-i dövlət hesabı, qalan 70 %-i ödənişli ixtisaslara, 500-700 ballıq nəticə göstərənlərin isə 70 %-i dövlət hesabı, 30 %-i ödənişli ixtisaslara qəbul olub.
Qəbul olan abituriyentlərin orta bal göstəriciləri (xüsusi qabiliyyət tələb edən ixtisaslar istisna olmaqla) əsasında yüksək göstəricili ali məktəblər formalaşıb ki, bunlara da AR Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasi, Azərbaycan Tibb Universiteti, Qafqaz Univesiteti, Azərbaycan Dillər Universiteti, Bakı Dövlət Universiteti, Azərbaycan Dövlət Neft Akademiyası, Azərbaycan Dövlət İqtisad Universiteti, Azərbaycan Turizm İnstitutu və Naxçıvan Dövlət Universiteti daxildir. Qəbul olan abituriyentlərin orta bal göstəricilərinə (xüsusi qabiliyyət tələb edən ixtisaslar istisna olmaqla) əsasən formalaşan zəif göstəricili ali məktəblər sırasında Azərbaycan Koorperasiya Universiteti, Bakı Avrasiya Universiteti, Təfəkkür Universiteti, Bakı "Asiya" Universiteti, Bakı Qızlar Universiteti, Bakı İslam Universiteti xüsusi yer tutur. Bu universitetlərə qəbul zamanı orta ballar 250-300 bal arasında olub", - deyə o əlavə edib.

Tam orta təhsil bazasından orta ixtisas təhsili müəssisələrinə qəbul prosesindən danışan komissiya sədri vurğulayıb ki, cari tədris ilində 7044 plan yerinə 22401 abituriyent sənəd verib. M.Abbaszadənin sözlərinə görə, qəbul olan abituriyentlərin 5%-i 20-100, 12,6%-i 100-200, 69,9%-i 200-300, 12,5%-i 300-500, 0,1%-i isə 500-700 intervalında bal toplayıb. O bildirib ki, 500-700 bal toplayan abituriyentlər tibb kollecinə sənəd verənlər 4 qız olub: "Cari il orta ixtisas təhsili müəssisələrinə ümumi orta təhsil bazasından tələbə qəbulu zamanı isə 9576 plan yerinə 30675 abituriyent sənəd verib. Orta ixtisas təhsili müəssisələrinə ümumi orta təhsil bazasından qəbul imtahanlarında iştirak edən abituriyentlərin 38,4%-i 0-50, 35,4%-i 50-100, 24,6%-i 100-200, 1,7%-i 200-300 bal toplayıb. Qəbul olunan abituriyentlərdən isə 13%-i 10-50, 22,1%-i 50-100, 58,9%-i 100-200, 5,9%-i isə 200-300 ballıq nəticə göstərib. Cari il buraya sənəd verən abituriyentlərin sayı 5 min nəfər artıb. 9576 plan yerlərinin 46%-i qabiliyyət ixtisaslardır. Burada da texnikumların ixtisasları üzrə müəyyən qərarlar qəbul olunmalıdır ki, abituriyentlər yalnız qabiliyyət tələb edən ixtisasları deyil, müxtəlif sahələr üzrə ixtisasları seçə bilsinlər".

Ali təhsil müəssisələrinin magistraturalarına qəbul barədə də məlumat verən M.Abbaszadə vurğulayıb ki, cari ildə 5242 plan yerinə 15353 ərizə təqdim olunub.

Sonda isə TQDK sədri növbəti tədris ilində nəzərdə tutulan yeniliklər və dəyişikliklər barədə məlumat verib. O bildirib ki, 2011/2012-ci tədris ili üçün qəbul imtahanlarında ixtisas qrupları, fənlərin sayı və fənn əmsalları dəyişməyəcək. Gələn il üçün nəzərdə tutulan yeniliklərdən danışan komissiya sədri bildirib ki, növbəti il ali məktəblərə qəbul imtahanlarında açıq tipli testlər tətbiq olunacaq. Onun sözlərinə görə, bu test nümunələri ötən il "Abituriyent" jurnalında çap edilib. M.Abbaszadə qeyd edib ki, gələn il ali məktəblərə qəbul imtahanları Gəncə, Şəki və Lənkəran şəhərlərində də keçiriləcək.

"Bundan əlavə, bütün ali məkəblər, o cümlədən nazirlik və müvafiq qurumlar "Tələbə-Məzun Məlumat Sistemi"nə qoşulacaq. Həmçinin, növbəti ildən TQDK Təhsil Nazirliyinin serverlərinə qoşula biləcək və bununla da müvafiq nazirliklə onlayn rejimdə işləmək mümkün olacaq. Oktyabrın 15-dən etibarən komissiyanın internet saytında (tqdk.gov.az) qəbul imtahanlarının proqramları çərçivəsində bütün fənlər üzrə mütəxəssis, ekspert rəyləri və mühazirələri yerləşdiriləcək. Onlayn hazırlıq kursları vasitəsilə abituriyentlərin hər biri repetitor yanına getmədən qəbul imtahanlarına hazırlaşa biləcək. Sentyabr-oktyabr aylarında isə komissiyanın nəşr etdiyi yeni dərs vəsailəri, test topluları abituriyentlərin ixtiyarına veriləcək", - deyə M.Abbaszadə vurğulayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə