Misir Mərdanov: “Fəlakət bölgələrində daşqından ziyan çəkmiş məktəblər sentyabrın 15-dək tədrisə hazır olacaq” - MÖVQE

Dövlətin müvafiq qurumları dövlət büdcəsindən ayrılmış vəsait hesabına fəlakət zonasında ziyan çəkmiş məktəblərin sentyabrın 15-dək hazır olması məsələsini həll edirlər. SİA-nın xəbərinə görə, bu barədə jurnalistlərə açıqlamasında təhsil naziri Misir Mərdanov deyib. O bildirib ki, dərs ili başlananadək şagirdlər müvafiq orta məktəblərdə təhsillərini alacaqlar. M.Mərdanovun sözlərinə görə, həmin bölgələrdə daşqından ziyan çəkmiş məktəblərdə vəziyyət normallaşdırılıb və sentyabrın 15-ə qədər bu məktəblər təlimə hazır olacaqlar.

Vahid məktəbli geyiminə münasibət bildirən təhsil naziri qeyd edib ki, hələlik ibtidai siniflərdə vahid forma tətbiq olunur və bu formanı hazırlayacaq müəssisələr müəyyənləşib.
"Məktəbli geyimlərinin satılması üçün bir neçə marketlərdə yerlər ayrılıb. Mənə verilən məlumata görə, arzuolunan forma tikilib və şagirdlərə çatdırılıb. V-XI siniflər isə ötənilkini geyinə biləcəklər. Bütün orta məktəblərin vahid məktəbli formasına keçməsi hələki tezdir. Bakı qərar qəbul edib, ancaq bu hələ keçmək demək deyil, ilin sonunda nə qədər keçdiyimizi biləcəyik. Hələlik addım atılır, bu addımın nə qədər davamlı olacağını ilin sonunda biləcəyik", - deyə o əlavə edib.

Bütün xəbərlər Facebook səhifəmizdə