Fransız-Azәrbaycan Universitetinә qəbul ELANI

Fransız-Azәrbaycan Universitetinә qəbul ELANI

Azәrbaycan Dövlәt Neft vә Sәnaye Universitetinin (ADNSU) nәzdindә fәaliyyәt göstәrәn Fransız-Azәrbaycan Universitetinә (UFAZ) tələbə qәbulu elan edilib. Təhsil Nazirliyindən SİA-ya verilən xəbərə görə, 2017/2018 akademik ili üçün Fransız-Azərbaycan Universitetinə növbəti qəbul kimya mühәndisliyi (40 yer), geofizika mühәndisliyi (40 yer), kompüter elmlәri (40 yer) və neft-qaz mühәndisliyi (40 yer) üzrə aparılacaq.

Ali məktəbə 160 qәbul yeri ayrılıb ki, onlardan da 120 yer ödәnişsiz әsaslarla, 40 yer ödәnişli әsaslarla olacaq.

Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən keçirilən yalnız I ixtisas qrupu üzrə imtahanda 500 və daha artıq bal toplayan abituriyentlər Strasburq Universiteti tərəfindən təşkil olunan imtahanda iştirak edə bilərlər. UFAZ-da tədris ingilis dilində aparılır, müsabiqə azərbaycan və rus bölmələri üçün açıqdır. Qəbul imtahanı fizika (test), kimya (test), riyaziyyat (test), ümumi bilik bloku (test) və ingilis dili (inşa) fənləri üzrə azərbaycan və rus dillərində keçiriləcək. İngilis dilindәn 20 üzәrindәn minimum 7 (07/20) vә daha aşağı bal toplayan namizәdlәr, avtomatik olaraq UFAZ-ın qәbul imtahanından kәsilmiş sayılırlar. Universitetə qeydiyyat, müsabiqənin nəticələrinə əsasən UFAZ komissiyası tərəfindən aparılacaq. Müsabiqədə iştirak etmək istəyən abituriyentlər, www.ufaz.az saytında onlayn qeydiyyatdan keçməlidirlər.

UFAZ-ın qəbul müsabiqəsindən keçə bilməyən abituriyentlər, DİM tərəfindən aprılan digər ali təhsil müəssisələrinin müsabiqələrində iştirak edə bilərlər.

UFAZ-a qəbul üçün onlayn qeydiyyat tarixi 12-19 iyul tarixlərində aparılacaq. İyulun 25-də keçiriləcək imtahanın cavabları iyulun 28-də açıqlanacaq. Seçilәn namizәdlәrin son tәsdiqi vә qeydiyyat tarixlәri iyulun 28-dən avqustun 3-dək (iş günlәri saat 10.00-17.00 arası) davam edəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə