Nazir müavini:"Bu tədris ilində 740-dan artıq SABAH tələbəsi məzun olacaq"
"Bu tədris ilində Azərbaycanda 740-dan artıq SABAH tələbəsi məzun olacaq". SİA-nın xəbərinə görə, bunu təhsil nazirinin müavini Ceyhun Bayramov ali məktəb müəllimlərinin I Forumunda çıxış edərkən deyib. O bildirib ki, hazırda SABAH qrupları 11 ali təhsil müəssisəsində fəaliyyət göstərməklə 45 ixtisas və 2300-dən artıq tələbəni və 600-dən artıq professor-müəllim heyətini əhatə edir. Onun sözlərinə görə, SABAH qrupları Təhsil Nazirliyinin təşəbbüsü ilə 2014-2015-ci tədris ilində 7 ali təhsil müəssisəsində yaradılıb: "SABAH layihəsinin əsas məqsədi ali təhsildə keyfiyyətin yüksəldilməsi, yeni və fərqli mühitin yaradılması, müasir tələblərə uyğun kadr hazırlığının təmin edilməsidir. Son üç il ərzində SABAH qruplarında tədris aparmaq üçün müraciət etmiş namizədlərin sayı 4 dəfə artıb. 2014-2015-ci tədris ilində tədris aparmaq üçün müraciət etmiş müəllimlərin sayı 450 olduğu halda, 2016-2017-ci tədris ili üçün bu rəqəm 1790 olub. Bu layihədə ən böyük rol müəllimlərin üzərinə düşür".
C. Bayramov qeyd edib ki, SABAH qruplarına müəllimlər seçim əsasında həyata keçirilir: "Bu qruplarda təhsil alan gənclərin sonradan işlə təmin olunması vacib amil hesab edilir. Ötən il 38 xarici və dövlət şirkəti SABAH qruplarında oxuyan 600 tələbəyə iş təklif edib".
Nazir müavini söyləyib ki, növbəti tədris ilindən bu qruplarda oxuyan tələbələrə ikinci xarici dil olaraq alman dili tədris olunacaq: "Hazırda bu istiqamətdə danışıqlar gedir".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB