Mayın 11-də Heydər Əliyev Mərkəzində Yeni Azərbaycan Partiyası Nərimanov rayon təşkilatının Təhsil Nazirliyi ərazi üzrə ilk partiya təşkilatının Ümummilli lider Heydər Əliyevin anadan olmasının 94-cü ildönümünə həsr olunmuş toplantısı keçirilib. SİA-nın xəbərinə görə, tədbirdə YAP Nərimanov rayon təşkilatı idarə heyətinin üzvü, təhsil nazirinin müavini Firudun Qurbanov, Yeni Azərbaycan Partiyası Nərimanov rayon təşkilatının sədri Təmraz Tağıyev və nazirliyin əməkdaşları iştirak edib.
Toplantıdan öncə Heydər Əliyev Mərkəzinin Muzeyi ziyarət olunub, ulu öndərin zəngin həyat yolu və siyasi fəaliyyətinin müxtəlif dövrləri haqqında məlumat verilib, iştirakçılar muzeydəki materiallar və eksponatlarla tanış olublar.
Ulu öndərin xatirəsinin silsilə tədbirlərlə və böyük ehtiramla anıldığını diqqətə çatdıran təhsil nazirinin müavini Firudin Qurbanov bildirib ki, artıq üçüncü ildir ki, bu tədbir ənənəvi olaraq Heydər Əliyev Mərkəzində keçirilir. Nazir müavini ümummilli lider Heydər Əliyevin Azərbaycanda dövlət quruculuğu, ölkəmizin dünya miqyasında tanınması, azərbaycançılıq məfkurəsinin formalaşması, milli dövlətçilik arzularının reallaşması baxımından misilsiz xidmətlərindən danışıb.
Firudin Qurbanov ulu öndərin əsasını qoyduğu siyasi və iqtisadi kursun, onun müəyyən etdiyi inkişaf strategiyasının ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini deyib, bu gün Azərbaycanın regionun ən qabaqcıl ölkəsinə çevrildiyini vurğulayıb. Dövlətimizin davamlı tərəqqisindən danışan nazir müavini bildirib ki, son illərdə ölkəmizdə mötəbər tədbirlərin, eləcə də bu günlərdə İslam Həmrəyliyi Oyunlarının keçirilməsi Azərbaycanın dünyada nüfuzunun artdığını bir daha nümayiş etdirir.
Daha sonra cıxış edənlər ümummilli liderin Azərbaycan xalqı qarşısındakı xidmətlərindən, elm, təhsil və mədəniyyətin inkişafı istiqamətindəki zəngin fəaliyyətindən danışıblar.
Tədbirdə Təhsil Nazirliyinin YAP-a üzv olmaq istəyən 5 nəfər əməkdaşının ərizəsinə baxılıb və onların müraciəti müsbət cavablandırılıb.





Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB